Bu ilin ilk 2 ayında Azərbaycandan 1 milyard 285 milyon dollar dəyərində 4 milyard 381 milyon kubmetr təbii qaz ixrac olunub.
FED.az biznes və maliyyə xəbərləri portalı Dövlət Gömük Komitəsinə istinadən xəbər verir ki, təbii qaz ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 265 milyon dollar və ya 17,1% azalıb, lakin miqdar ifadəsilə 194 milyon kubmetr, başqa sözlə 4,6% çoxdur.
Qeyd edək ki, 2025-ci ilin ilk 2 ayında Azərbaycandan 1 milyard 550 milyon dollar dəyərində 4 milyard 187 milyon kubmetr təbii qaz ixrac olunmuşdu.
Bu ilin ilk 2 ayının nəticələrinə görə Azərbaycanın ixrac etdiyi təbii qazın hər 1000 kubmetrinin orta ixrac qiyməti 293,4 dollar (təxminən 499 manat) təşkil edib. 2025-ci ilin eyni dövründə isə bu rəqəm 370,2 dollar (təxminən 629 manat) idi. Bu da illik müqayisədə 76,8 dollar (130 manat) və ya 20,7% ucuzlaşma deməkdir.
Bu il ilk 2 ayda ümumi ixracın 35,07%-i təbii qazın payına düşüb. Ötən ilin eyni dövründə isə bu göstərici 32,53% olmuşdu.











