Energetika Nazirliyinin yaydığı məlumatda bildirilir ki, 2024-cü ilin yanvar-avqust ayları üzrə operativ məlumatlara əsasən, 8 ay ərzində Azərbaycanda 19,3 milyon ton neft (kondensatla birlikdə) hasil edilib.
"Cənub Qaz Dəhlizi bu gün 10 ölkənin enerji təhlükəsizliyini təmin edir"
FED.az xəbər verir ki, respublika üzrə neft hasilatının 11,1 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 2,8 milyon tonu (kondensat) “Şahdəniz”in, 0,4 milyon tonu (kondensat) “Abşeron” yatağının payına düşüb. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 5 milyon ton təşkil edib.
Cari ilin yanvar-avqust aylarında ölkədə neft emalı 4,4 milyon tona yaxın təşkil edib.
2024-cü ilin avqust ayında gündəlik neft (kondensatla birlikdə) hasilatı 76 045 ton olub. Bunun 64 870 tonunu xam neft, 11 175 tonunu kondensat təşkil edib.
8 ay ərzində ölkədə 33 milyard kubmetr təbii qaz hasil edilib. Qazın 8,7 milyard kubmetri “Azəri-Çıraq-Günəşli”, 18,1 milyard kubmetri “Şahdəniz”, 1,1 milyard kubmetri “Abşeron”, 5,1 milyard kubmetri SOCAR üzrə hasil olunub. Ötən ilin müvafiq dövrünə nisbətən təqribən 0,8 milyard kubmetr artımla qaz hasil edilib.
Bu dövrdə xaricə qaz satışı 16,4 milyard kubmetr təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə təqribən 3,1 faiz çoxdur. Avropaya 8,4 milyard kubmetr, Türkiyəyə 6,5 milyard kubmetr, Gürcüstana isə 1,5 milyard kubmetr qaz satılıb. Türkiyəyə TANAP-la bu müddətdə 3,7 milyard kubmetr qaz nəql olunub.
“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən 01 sentyabr 2024-cü il tarixinədək 643 milyon ton neft (kondensatla birlikdə), 452,2 milyard kubmetr qaz hasil edilib. “Azəri-Çıraq-Günəşli”dən 595,8 milyon ton neft, 225 milyard kubmetr qaz, “Şahdəniz”dən isə 47,2 milyon tona yaxın kondensat, 227,2 milyard kubmetr qaz hasil olunub.
Bu yataqlardan indiyə kimi 641,2 milyon ton neft (kondensatla birlikdə), 162 milyard kubmetrə yaxın qaz ixraca nəql edilib.