Energetika Nazirliyi 2023-cü ilin 11 ayı üzrə neft-qaz göstəricilərini açıqlayıb.
Azərbaycan bu il Avropaya 11 milyard kubmetrə yaxın qaz ixrac edib
FED.az göstəricilərə istinadən xəbər verir ki, 2023-cü ilin yanvar- noyabr ayları üzrə operativ məlumatlara əsasən, 11 ay ərzində Azərbaycanda 44 milyard kubmetr təbii qaz hasil edilib. Qazın 11,7 milyard kubmetri “Azəri-Çıraq-Günəşli”dən, 24 milyard kubmetri “Şahdəniz”dən, 0,6 milyard kubmetri “Abşeron”dan, 7,7 milyard kubmetri isə SOCAR üzrə hasil olunub. Ötən ilin müvafiq dövrünə nisbətən 3,6 faiz, yəni 1,5 milyard kubmetr artımla qaz hasil edilib.
Hesabat dövründə xaricə qaz satışı 22,05 milyard kubmetr təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 9 faiz çoxdur. Cari ilin yanvar-noyabr aylarında Avropaya 10,85 milyard kubmetr, Türkiyəyə 8,7 milyard kubmetr, Gürcüstana isə 2,5 milyard kubmetr qaz satılıb. Qeyd edək ki, bu müddətdə Türkiyəyə TANAP-la 5,1 milyard kubmetr qaz nəql olunub.
“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən 01 dekabr 2023-cü il tarixinədək “Azəri-Çıraq-Günəşli”dən 215,2 milyard kubmetr, “Şahdəniz”dən isə 206,7 milyard kubmetr qaz hasil edilib. Bu dövrdə “Şahdəniz” yatağından hasil edilən qazın 146,4 milyard kubmetri ixraca nəql edilib.
2023-cü ilin yanvar-noyabr ayları üzrə ölkədə 27,6 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. Respublika üzrə neft hasilatının 16,4 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 3,9 milyon tonu (kondensat) “Şahdəniz”in, 0,24 milyon tonu (kondensat) “Abşeron” yatağının payına düşüb. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 7,1 milyon ton təşkil edib.
Hesabat dövründə 23,1 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql olunub. Bunun 20,2 milyon tonu konsorsiumun, 2,9 milyon tonu isə SOCAR-ın payına düşür.
“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən 01 dekabr 2023-cü il tarixinədək 627,4 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. “Azəri-Çıraq-Günəşli”dən 583,3 milyon ton neft, “Şahdəniz”dən isə 44,1 milyon tona yaxın kondensat çıxarılıb. Bundan 01 dekabr 2023-cü il tarixinədək 625,4 milyon tonu ixraca nəql edilib.
Ölkədə neftin emalı 2023-cü ilin yanvar-noyabr ayları üzrə 6 milyon tona yaxın təşkil edib.