Azərbaycanın son dövrlərə qədər tanınmış biznes qruplarından biri olan "MSDIS HOLDING"dən demək olar ki, bütün vəsaitlər çıxarılıb.
Azərbaycanda bu yanacaqdoldurma məntəqələri bağlandı - FOTOLAR
FED.az xəbər verir ki, şirkətin səhmdarlarının qərarı ilə Holdinqin nizamnamə kapitalındakı bütün vəsaitlər çıxarılıb. Qərara əsasən "MSDIS HOLDING" MMC-nin 26 iyul 2024-cü il tarixdə keçirilmiş ümumi yığıncağında cəmiyyətin nizamnamə kapitalı hər səhmin nominal dəyərinin azaldılması yolu ilə 2 572 000 (iki milyon beş yüz yetmiş iki min) manatdan azaldılaraq 500 (beş yüz) manata endirilib. Başqa sözlə, şirkətin nizamnamə kapitalı 5144 dəfə azaldılıb.
Qərara görə, bu azalma ilə əlaqədar olaraq kreditorların yazılı tələbləri bir ay müddətində MMC-nin yerləşdiyi ünvanda, yəni Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti, ev 34 ünvanda qəbul olunacaq.
Xatırladaq ki, bir neçə il əvvəl yaradılmış "MSDIS Holding" inşaat, istehsalat və yanacaqdoldurma sektorları üzrə ixtisaslaşıb və bazarın lideri olmağı hədəfləyirdi. Holdingin tərkibində 5 sahə fəaliyyət göstərir. Bunlar "MS Sement", "MS Kabel" və "MS Oil", "MS Asfalt" zavodu, "MS Laminat" və "MS Karyer" sahələridir.
Şirkətin “MS Asfalt” zavodunda 1 ədəd E-Mak brendinin “Express” markalı sexi yerləşir. Zavodun saatlıq istehsal gücü 160 ondur. Zavodda yüksək keyfiyyətli iridənəli və xırdadənəli sphalt istehsal olunur.
Holdinqin karyer biznesi Füzuli rayonunun əhatə edir. “MS Karyer”in balansında hazırda Horadizdə daş və qum-çınqıl yatağı mövcuddur. Horadizdəki yüksək texnologiyaya əsaslanan mobil karyerdə 30-dan çox texnika və 40-dan çox əməkdaş fəaliyyət göstərir və gündəlik emal gücü 1000-1200 kubmetrdir.
"MS Kabel" zavodunda isə bütün növ kabellər və telefon, internet və foberoptik kabellər istehsal olunur. İlk mərhələdə istehsal gücü illik 1000 ton olub, ikinci mərhələdə bu rəqəmin 3000 və 5000 tona çatdırılması gözləniir.
"MS Sement" zavodunda isə M300, M400 və M500 markalı sement və M100, M150, M200, M250, M300, M350 və M400 markalı beton növləri istehsal olunur. Zavod Abşeron rayonu, Atyalı qəsəbəsində yerləşir və ölkənin bütün ərazilərində dilerləri fəaliyyət göstərir.
Nəhayət, "MSDIS HOLDING"in göz qabağında olan biznesi yanacaqdoldurma məntəqəsidir. "MS Oil"in balansında son dövrədək Bakı və regionlarda 12 yanacaqdoldurma məntəqəsi mövcud idi. "MS Oil" benzin, dizel və qaz yanacağının satışını həyata keçirirdi.
Amma nizamnamə kapitalının kəskin azalması holdinqin fəaliyyətinə təsir etməyə başlayıb. Belə ki, şirkətin yanacaqdoldurma məntəqələri bağlanmaqdadır.
“MSDIS Holding”ə məxsus “MS Oil” yanacaqdoldurma məntəqələrinin (YDM) bir qismi bağlanıb.
FED.az xəbər verir ki, “MS Oil” Nərimanov, Səbail və Abşeron rayonunun Mehdiabad qəsəbəsində və daha bir neçə ünvanda öz fəaliyyətini dayandırıb.
Artıq “MS Oil”in Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsi, 65 ünvanında və Səbail rauonu, Salyan şosesinin (Şıxov) 13-cü km ünvanında yerləşən yanacaqdoldurma məntəqələrində “SOCAR” brendli YDM-lər fəaliyyətə başlayıb.
Məlumat üçün bildirək ki, “SOCAR” brendli YDM-in Şıxovdakı ünvanda avqustun 10-da, Nərimanovdakı ünvanda isə avqustun 13-də açılışı olub.