Xəbər verildiyi kimi, son 35 ildə ilk dəfə olaraq Azərbaycan Ermənistana neft məhsulları satışına başlayıb.
Bir neçə gün əvvəl SOCAR-ın istehsalı olan neft məhsulu - benzin Ermənistana göndərilib.
FED.az xəbər verir ki, dekabrın 18-i tarixində Azərbaycan Dövlət Neft Şirkəti SOCAR tərəfindən istehsal olunmuş AI-95 markalı benzindən ibarət ilk yüklü qatar Ermənistana göndərilib və artıq oraya çatıb. Bu, noyabrın 28-də Qəbələdə Azərbaycan və Ermənistanın vitse-premyerlərinin görüşündə əldə olunmuş razılaşmanın nəticəsidir. Bu dəfə Ermənistana ümumilikdə 1220 ton benzin göndərilib.
Məhsulun Ermənistan tərəfindən alıcısı məlum olub – bu Ermənistanın «Mega Trade» şirkətidir, hansı ki, hakim partiyanın deputatı Sukiasyana məxsusdur.
Ermənistan tərəfindən yanacağı idxalçısı «MegaTrade» bununla bağlı açıqlama verərək bəyamn edib ki, Azərbaycan istehsalı yanacağın Ermənistana idxalı bazarı şaxələndirmək, rəqabəti gücləndirmək və istehlakçılara daha uyğun qiymətlər təklif etmək məqsədi daşıyır. Bütün idxal prosesi Ermənistan və Azərbaycanla əlaqədar struktur orqanlar arasında razılaşma və müəyyən edilmiş qaydalar çərçivəsində həyata keçiriləcək.
Azərbaycandan idxal edilən yanacaq «RanOil» yanacaqdoldurma şirkətinin stansiyalarında satılacaq. «MegaTrade» hesab edir ki, bu addım yanacaq qiymətlərinin azalmasına kömək edəcək və bazarda daha şəffaf qiymətlərin formalaşmasına səbəb olacaq. Şirkət həmçinin təchizatın sabitliyi və qabaqcadan proqnozlaşdırılmasını prioritet hesab etdiyini əlavə edib.
Azərbaycanın Ermənistana benzin satması ilə bağlı ümumi fon pozitiv olsa da, buna qarşı çıxanlar da var. Məsələn, «Bright Armenia» partiyasının rəhbəri Edmon Marukyan sosial şəbəkədə yazıb ki, Bakıdan yanacaq alınması ilə Ermənistan birbaşa olaraq Azərbaycan silahlı qüvvələrini maliyyələşdirir.
Ümumilikdə isə «Mega Trade» şirkəti hesab edir ki, Azərbaycandan benzin alınması qiymətlərin bir qədər enməsinə imkan verəcək. Üstəlik, bu məsələdə Ermənistanan Rusiyadan asılılığı da azalacaq.
Qeyd edək ki, Ermənistanın idxal olunan benzinə tələbatı ildə 300 min ton təşkil edir. Ölkəyə benzin idxalının yarıdan çoxu – təxminən 60%-i Rusiyanın payına düşür. Azərbaycandan idxalın başlanması İrəvanın Rusiyanın asılılığını azalda bilər.
Qeyd edək ki, hazırda Ermənistanda Aİ-95 benzininin orta satış qiyməti 1 litr üçün 520 dram və ya 1,36 dollar təşkil edir (litri təxminən 2,3 manat). Dizelin qiyməti isə 500 dram və ya 1,3 dollar təşkil edir (2,2 manat).










