“Əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan enerji siyasəti Azərbaycanın regiondakı geosiyasi rolunu daha da möhkəmləndirib”.
Eləcə də bax: Prezident: “Azərbaycan qazına tələb artır, TANAP-ı genişləndirə bilərik”
FED.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib.
Vüqar Bayramov deyib ki, ABŞ Prezidenti Co Baydenin son məktubu da təsdiq edir ki, Azərbaycanın regional təhlükəsizliyə və xüsusən də enerji təhlükəsizliyinə töhfəsi inkişaf etmiş ölkələr tərəfindən xüsusi qiymətləndirilir: “ABŞ və Azərbaycan 30 illik diplomatik münasibətlər dövründə bir çox sahələrdə güclü tərəfdaş olub və ABŞ bu gün də Azərbaycanın sadiq tərəfdaşı olmaqda davam edir. Bu gün enerji təhlükəsizliyinin təmin edilməsində şaxələndirmə əhəmiyyətlidir. Azərbaycan da bu məqsədə nail olmaq üçün regional səylərdə əsas rol oynayır. Digər tərəfdən, Azərbaycanın Cənub Qaz Dəhlizi vasitəsilə və Ukrayna üçün mühüm olan yanacağı təchiz etməklə də Avropanın enerji təhlükəsizliyinin sabitləşdirilməsinə kömək sahəsində həlledici rola malikdir. Azərbaycanda həyata keçirilən enerji siyasəti ölkəmizin regional mövqeyini daha da gücləndirir. Məhz Prezident İlham Əliyevin siyasi iradəsi nəticəsində reallaşan Cənub Qaz Dəhlizi bu gün regionun enerji xəritəsini dəyişməkdə və Azərbaycanı Avropa İttifaqının enerji təhlükəsizliyinin formalaşmasında yeni yeganə alternativə çevirməkdədir. Bu isə Azərbaycanın dövlət gəlirlərinin stabil şəkildə artmasına imkan yaratmaqla, geosiyasi mövqeyini daha da gücləndirir”.
Deputat vurğulayıb ki, ABŞ Azərbaycanda şaxələndirilmiş iqtisadiyyatın təşviqi, bərpa olunan enerji mənbələrinə investisiyaların yatırılması ilə iqlim dəyişikliyinə qarşı mübarizədə qlobal məqsədlərə töhfəni, qanunun aliliyi və hesabatlılığın möhkəmləndirilməsi və xalqın yaşayış standartlarının yüksəldilməsi istiqamətində davamlı addımları da yüksək qiymətləndirir:
“Azərbaycan öz enerji resursları ilə regiondakı təhlükəsizliyə xüsusi töhfə verir. 27-ci Bakı Enerji Forumu da təsdiq edir ki, müasir çağırışlara uyğun olaraq həyata keçirilən enerji siyasəti bir tərəfdən Azərbaycanın regional bazarda daha yaxşı təmsil olunmasına, digər tərəfdən isə Azərbaycanda ənənəvi enerji məhsullarının istehsalını artırmaqla alternativ mənbələrinin payının çoxalmasına gətirib çıxarıb. Artıq yaşıl iqtisadiyyatın formalaşması və genişlənməsi, alternativ mənbələrdən enerjinin əldə edilməsi Azərbaycan üçün prioritetdir. Son sərgi, eləcə də Enerji Forumu bir daha təsdiq edir ki, Azərbaycan bu il dördüncü sənaye inqilabının nəticələrini tədqiq etmək niyyətindədir. Xüsusilə işğaldan azad olmuş ərazilərimizdə yaşıl enerjinin istifadə olunması da məhz bu məsələnin prioritet olduğunu bir daha təsdiq edir”. (Apa)