Fevralın 13-də Bakıda “Gülüstan” sarayında Azərbaycanın müstəqillik dövrünün 1280 MVt gücündə ən böyük İstilik Elektrik Stansiyasının təməlqoyma mərasimi keçirilib.
İlham Əliyev: "Qarabağ müharibəsində Mingəçevir Elektrik Stansiyasının önəmi bir daha bəlli oldu"
FED.az xəbər verir ki, tədbirdə prezident İlham Əliyev iştirak edib.
Yeni stansiya Mingəçevir şəhərində, indiyədək mövcud olan Azərbaycan İstilik Enerji Stansiyaının modernləşdirilməsi çərçivəsində inşa ediləcək.
«Bu gün Mingəçevir şəhərində yeni 1280 meqavat gücündə elektrik stansiyasının təməlinin qoyulması mərasiminə toplaşmışıq. Əminəm ki, yaxın zamanlarda – 2025-ci ildə bu stansiyanın açılışını qeyd edəcəyik»-deyə prezident bildirib.
“Bu, çox əlamətdar hadisədir, ölkəmizin enerji potensialını böyük dərəcədə gücləndirəcək, eyni zamanda, Mingəçevirin Azərbaycanın elektroenergetika mərkəzi kimi önəmini daha da artıracaq. Onsuz da Mingəçevir hazırda elektroenergetika sahəsində bizim əsas şəhərimizdir. Mingəçevirdə fəaliyyət göstərən elektrik stansiyası bu gün ölkəmizin elektrik enerjisinə ehtiyacının böyük hissəsini ödəyir”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Qeyd edək ki, Mingəçevirdəki “Azərbaycan” İstilik Elektrik Stansiyasının modernizasiyası və yeni stansiyanın tikintisi barədə prezident İlham Əliyev 25 oktyabr 2022-ci ildə sərəncam imzalayıb.
Sərəncama əsasən “Azərbaycan” İstilik Elektrik Stansiyasının mövcud avadanlıqlarına əlavə müasir texnologiyalar tətbiq edilərək, 600 MVt gücündə olan 7-ci və 8-ci enerji bloklarının gücünün daha 1280 MVt artırılması ilə əlaqədar rasional modernləşmənin həyata keçirilməsi nəzərdə tutulur.
Həmin sərəncamla Nazirlər Kabinetinə tapşırılmışdı ki, bu layihə üçün maliyyə vəsaitinin cəlb edilməsi, idxal olunacaq avadanlıqların və ehtiyat hissələrinin idxal gömrük rüsumlarından azad olunması, habelə “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq istehsalçı müəssisələrdən elektrik qurğu və avadanlıqların alınması və modernizasiya işlərinə podratçı təşkilatların cəlb olunması ilə əlaqədar tədbirlər görsün.
Eləcə də bu işlər üçün Azərbaycan hökuməti 180 milyon dollar kredit cəlb edəcək və ilkin hesablamalara görə, stansiyanın modernləşməsi Azərbaycana ildə 1,2 milyard kubmetr təbii qaza qənaət etməyə imkan verəcək.
Bu stansiyanın tiknitisində Azərbaycanın məqsədi təkcə ölkənin daxili bazarını enerji ilə təmin etmək deyil. Hökumət hasil olunan enerjinin xaricə ixracını artırmaq, eləcə də bu layihədən sonra qənaət edilən qaz həcmlərini də xaricə ixrac etmək niyyətindədir.
Yeni stansiyanın tikintisi və gələcəkdə fəaliyyətə başlaması Azərbaycanın xaricə enerji ixracçısı kimi rolunu artırmalıdır.