Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən təsdiqlənən “Azərbaycanda sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”na əsasən ölkədə yeni sənaye parkları yaradılacaq.
2015-2017-ci illərdə Sumqayıt Kimya Sənaye Parkında infrastruktur işlərinin yekunlaşdırılması, parkın fəaliyyətinin təkmilləşdirilməsi işi aparılacaq. Qeyd edilən illər ərzində həmçinin Balaxanı Sənaye Parkında infrastruktur işlərinin yekunlaşdırılması, parkın fəaliyyətinin təkmilləşdirilməsi nəzərdə tutulur. O cümlədən, Yüksək Texnologiyalar Parkının infrastrukturunun formalaşdırılması və fəaliyyətinin təşkili də planlaşdırılır.
Dövlət Proqramına əsasən 2015-2018-ci illərdə Gəncədə sənaye parkının yaradılması, infrastrukturunun formalaşdırılması və fəaliyyətinin təşkili nəzərdə tutulur. Gözlənilir ki, bu parkın rezidentləri məhz metallurgiya müəssisələri olacaqdır.
Həmçinin yaxın illərdə Azərbaycan sənayesinin inkişafına dair 2015-2020-ci illər üçün həyata keçirilən dövlət proqramı çərçivəsində Mingəçevir şəhərində də sənaye parkının yaradılması, infrastrukturunun formalaşdırılması və fəaliyyətinin təşkili gözlənilir. Bu parkın rezidentləri isə əsasən yüngül sənaye müəssisələri olacaqdır.
2015-2020-ci illərdə sənaye klasterlərinin yaradılmasına dair təkliflər hazırlanması və müvafiq tədbirlərin həyata keçirilməsi planlaşdırılır.
Proqramda sənaye məhəllələrinin yaradılması ilə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi də qeyd olunub. Sənaye parklarından fərqli olaraq, sənaye məhəllələri nisbətən daha kiçik miqyaslı müəssisələri əhatə edəcəkdir. İlk belə sənaye məhəlləsi Neftçala şəhərində yaradılacaqdır.
Qeyd edək ki, hazırda Azərbaycan sənaye parklarına qoyulan investisiyaların həcmi təxminən milyard dollar təşkil edir. Bu sənaye parklarında lazım olan hər cür infrastruktur yaradılmışdır və onların rezidentlərinə vergi güzəştləri müəyyənləşdirilmişdir.