Azərbaycanın tanınmış şirkətlərindən olan GL-də yeni təyinat həyata keçirilib.
FED.az xəbər verir ki, Kənan Əliyev şirkətdə Yataqların idarə edilməsi üzrə direktor vəzifəsinə təyin edilib.
Şirkətin bununla bağlı açıqlamasında deyilir:
«Məmnuniyyətlə elan edirik ki, “GL Ltd”-nin Yataqların işlənməsi üzrə direktoru Kənan Əliyev 7 yanvar 2024-cü il tarixindən etibarən Yataqların idarə edilməsi üzrə direktor vəzifəsinə təyin edilir.
Bu dəyişiklik Kənan bəyin yeni vəzifəsinin və şirkətimizdə geologiya komandasının strateji idarə edilməsinin şirkətin ümumi hədəfləri ilə uyğunluğunun təmin edilməsinin vacibliyinin bariz nümunəsidir. Kənan bəy yeni vəzifəsində GL şirkətinin Əməliyyatlar üzrə vitse-prezidentinin tabeliyində fəaliyyət göstərməyə davam edəcəkdir.
Kənan bəyin yeni vəzifəsində yüksək nailiyyətlər əldə edəcəyindən, həmçinin yataqlar üzrə əməliyyatlarımızın gələcək uğurlarına əhəmiyyətli töhfə verəcəyindən əminik»-deyə şirkət bildirir.
Xatırladaq ki, GL, Salyan rayonunda “Kürsəngi” və “Qarabağlı”, Abşeron yarımadasında “Buzovna-Maştağa”, “Qala” və “Zirə” yataqları olmaqla Azərbaycanda beş yataqda neft-qaz əməliyyatları həyata keçirir. GL-in biznes portfelinə “Salyan Oil Limited”, “Taghiyev Operating Company” əməliyyat şirkətləri və sənaye üzrə çoxsaylı xidmətlər təqdim edən “GL Technical Services” daxildir.