Azərbaycanda 2016-cı il ərzində qaz təchizatı sisteminə verilmiş 13,7 mlrd. kubmetr təbii qazın 3,1 mlrd. kubmetri əhali istehlakçılarına çatdırılıb.
Bu, Nazirlər Kabinetinin 2016-cı ildə fəaliyyəti haqqında hesabatında əksini tapıb.
Qeyd edilib ki, ötən il əlavə yaşayış məntəqələrinin qazlaşdırılması və yeni tikinti obyektlərinin istifadəyə verilməsi hesabına əvvəlki illə müqayisədə əhaliyə satılan təbii qazın həcmi 423,7 mln. kubmetr və ya 16% artıb.
Hesabata əsasən, daxili bazarda 42 min ton maye qaz yanacağı satılıb: “Naxçıvan Muxtar Respublikasına təbii qaza olan tələbatın ödənilməsi məqsədi ilə 261 mln. kubmetr qaz verilib. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2014-2018-ci illər) çərçivəsində 7 837 km müxtəlif təyinatlı qaz kəmərlərinin, 4 qazpaylayıcı stansiyasının, 2 ölçü qovşağının tikintisi başa çatdırılıb, digər əsaslı və cari tikinti-təmir işləri görülüb. Magistral və paylayıcı qaz təchizatı şəbəkələrinin istismarının etibarlı təminatı üçün 312 km uzunluğunda qaz kəməri əsaslı təmir edilib".
Hesabatda qeyd olunub ki, görülən işlərin nəticəsində 2016-cı ildə 209 yeni yaşayış məntəqəsi qazlaşdırılıb və həmin məntəqələrdə 82 min abunəçi təbii qaz ilə təmin olunub.