Azərbaycanda sahibkarlar öz obyektlərini elektrik şəbəkəsinə internet vasitəsilə qoşa biləcəklər.
FED.az xəbər verir ki, “Azərişıq” ASC elektrik şəbəkəsinə onlayn qoşulma xidmətini təqdim edib.
ASC-dən FED.az-a bildirilib ki, sahibkar olduğu məkanı tərk etmədən, elektron formada obyektini enerji təchizat şəbəkəsinə qoşa bilər.
Onlayn müraciəti 20 gündən gec olmayaraq həyata keçirilir və obyektə elektrik enerjisinin verilməsi başlanılır.
Bu sistem digər dövlət qurumları ilə inteqrasiyada olduğundan müraciət edən sahibkar özünə aid məlumatları ümumi bazadan götürə bilər. Reyestr və qeydiyyat nömrələri sistemə daxil edilən kimi dərhal obyektin kordinatları və obyektə ən yaxın Transformator Məntəqəsi avtomatik müəyyənləşir. Bununla da, sahibkar 150 kilovolta qədər tələb olunan gücü müəyyənləşdirərək qoşulma haqqını hesablayır və onlayn qaydada ödəniş edir. Nəticədə yuxarıda da deyildiyi kimi, 20 gündən gec olmayaraq sahibkarın obyekti elektrik enerjisi ilə təmin edilir.
Həmçinin COVID-19 pandemiyasının geniş yayıldığı dövrdə “Azərişıq” ASC abonentlərin saglamlığını da düşünərək sahibkarların evdən və ya ofisdən çıxmadan növbəsiz və heç bir təmas olmadan qeyri-yaşayış sahəsinin onlayn qaydada “www.azerishiq.az” və ya “www.e-gov.az” saytı üzərindən enerji təchizatı şəbəkəsinə qoşulması üçün müraciətlərini təmin edə bilər.