2021-ci ilin yanvar-iyun ayları üzrə operativ məlumatlara əsasən, Azərbaycanda təxminən 17,2 milyon ton neft (kondensatla birlikdə) hasil edilib.
Energetika Nazirliyindən FED.az-a verilən məlumata görə, neft (kondensatla birlikdə) hasilatı ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən, 369,1 min ton və ya 2,1 faiz az olub.
2021-ci ilin ilk 6 ayında ölkə üzrə neft hasilatının 11,4 milyon tonu (66,3%) “Azəri-Çıraq-Günəşli”nin, 1,9 milyon tonu (11%) (kondensat) “Şahdəniz”in payına düşüb. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 3,9 milyon ton (ölkə üzrə ümumi hasilatın 22,7%) təşkil edib.
Bu dövrdə təxminən 14 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql olunub. Bunun 13,3 milyon tondan çoxu konsorsiumun, 738,7 min tonu isə SOCAR-ın payına düşür. Neftin (kondensatla birlikdə) ixraca nəqli 2020-ci ilin müvafiq ayına nisbətən, təxminən 667 min ton, yəni 4,8 faiz azdır.
“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən 01 iyul 2021-ci il tarixinədək 567 milyon tondan çox neft (kondensatla birlikdə) hasil edilib. “Azəri-Çıraq-Günəşli”dən 535 milyon tondan çox neft, “Şahdəniz”dən isə təqribən 32 milyon tondan çox kondensat çıxarılıb. “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən 2021-ci ilin 1 iyul tarixinədək təqribən 567 milyon ton neft (kondensatla birlikdə) ixrac edilib.