“S&P Global Ratings” beynəlxalq reytinq agentliyi 2022-2025-ci illərdə Azərbaycanda gündəlik neft hasilatını 0,72 milyon barel səviyyəsində proqnozlaşdırır.
Eləcə də bax: “Bəzən kimsə fikirləşir ki, neftin qiyməti artıb, Azərbaycan daha çox zənginləşib”
FED.az xəbər verir ki, “2022-ci ilin ilk dörd ayı ərzində neft hasilatı azalmaqda davam edib və illik hesablamada 4,5% azalaraq orta hesabla təxminən 0,72 milyon barel təşkil edib. Bu, neft yataqlarının köhnəlməsi ilə əlaqədar hasilatın təbii azalması, həmçinin bəzi texniki və ola bilsin ki, müvəqqəti amillərlə bağlı olub. Nəticədə son bir neçə ayda Azərbaycanda hasilat OPEC+çərçivəsində müəyyən edilmiş kvotadan aşağı olub. Biz 2022-ci ildə ölkədə neft hasilatının orta hesabla 0,72 milyon barel səviyyəsində və 2023-2025-ci illərdə təxminən bu səviyyədə qalacağını proqnozlaşdırırıq”, - deyə “İnterfaks-Azərbaycan” agentliyi “S&P”nin proqnozlarına istinadən xəbər verir.
Reytinq agentliyi qeyd edir ki, mövcud neft yataqları köhnəlir və neft hasilatı azalmaqda davam edir: belə ki, 2010-2021-ci illər ərzində Azərbaycanda neft hasilatının həcmi 30%-dək (gündəlik 1 milyon bareldən çox) azalıb.
Bununla belə, “S&P”nin Azərbaycanın qaz sektorunda artım tempi ilə bağlı proqnozu neft sektoru ilə müqayisədə daha yaxşıdır. ““Mərhələ-2” çərçivəsində “Şahdəniz” qaz yatağından hasilata 2018-ci ildə başlanılıb, 2019-2020-ci illərdə bu layihə ilə bağlı iki boru kəməri – qazın Türkiyə və Avropaya nəql edildiyi Trans-Anadolu qaz kəməri (TANAP) və Trans-Adriatik qaz kəməri (TAP) istismara verilib. Nəticədə 2017-2021-ci illərdə Azərbaycanda qaz hasilatının həcmi 80% artıb və rəsmi planlara görə, 2025-ci ilə qədər daha 13% artacaq”, - deyə agentlik qeyd edir.
Hökumətin proqnozlarına görə, 2022-ci ildə Azərbaycanda 34 milyon 830,3 min ton neft və 43 milyard 514 milyon kubmetr qaz hasil ediləcək.
2021-ci ildə Azərbaycanda 34 milyon 580,7 min ton neft (qaz kondensatı ilə birlikdə, artım 0,1%), 43 milyard 863,5 milyon kubmetr qaz (artım 18,1%) hasil edilib. (İnterfaks-Azərbaycan)