Azərbaycanda sənayenin qeyri-neft sektorunda yanvar-fevral aylarında 22%-ə yaxın artım baş verib.
Eləcə də bax: EIA Azərbaycanın neft hasilatı üzrə - PROQNOZUNU ARTIRIB
FED.az bu barədə Dövlət Statistika Komitəsinə (DSK) istinadən məlumat yayıb.
Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2020-ci ilin yanvar-fevral aylarında 7,7 milyard manatlıq və ya 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 0,9 faiz çox sənaye məhsulu istehsal edilib. Sənayenin qeyri neft-qaz sektorunda məhsul istehsalı 21,7 faiz artıb.
Sənaye məhsulunun 68,4 faizi mədənçıxarma sektorunda, 26,0 faizi emal sektorunda, 5,0 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda,0,6 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.
Bu ilin ilk iki ayında Azərbaycanda neft hasilatı azalıb. DSK bildirir ki, mədənçıxarma sektorunda neft hasilatı 3,7 faiz azalıb, əmtəəlik qaz hasilatı isə 19,1 faiz artıb.
Emal sektorunda avtomobil, qoşqu və yarımqoşquların istehsalı 7,0 dəfə, kompüter, elektron və optik məhsulların istehsalı 5,7 dəfə, sair nəqliyyat vasitələrinin istehsalı 2,5 dəfə, içkilərin istehsalı 2,1 dəfə, ağacın emalı və ağacdan məmulatların istehsalı 89,8 faiz, geyim istehsalı 79,6 faiz, hazır metal məmulatlarının istehsalı 56,5 faiz, mebel istehsalı 47,3 faiz, poliqrafiya məhsullarının istehsalı 40,7 faiz, metallurgiya sənayesi məhsullarının istehsalı 39,6 faiz, kağız və karton istehsalı 27,5 faiz, elektrik avadanlıqlarının istehsalı 27,1 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 25,0 faiz, kimya sənayesi məhsullarının istehsalı 19,5 faiz, tütün məmulatlarının istehsalı 16,3 faiz, neft məhsullarının istehsalı 11,3 faiz, əczaçılıq məhsullarının istehsalı 4,2 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 3,6 faiz, qida məhsullarının istehsalı 1,2 faiz artmış, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 7,7 faiz, maşın və avadanlıqların istehsalı 19,1 faiz, tikinti materiallarının istehsalı 21,9 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 40,3 faiz azalmışdır.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 18,6 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 4,3 faiz artıb.