AMEA Yüksək Texnologiyalar Parkının (YT Park) rezidenti olan "Aşqar" EİB və Aşqarlar Kimyası İnstitutu (AKİ) neft-qaz quyularının qazılmasında istifadə edilən buruq reagentinin keyfiyyətini daha da təkmilləşdirmək üçün tədqiqatlar aparıblar.
FED.az xəbər verir ki, tədqiqat nəticəsində respublikada nar şirəsi istehsalı zamanı tullantı kimi alınan nar qabıqları əsasında quru tozvari reagent hazırlanıb. Alimlər bunun neft-qaz quyularının qazılmasında istifadəsini təklif ediblər.
Bu təklif Dövlət Neft Şirkətinin (ARDNŞ) razılığı ilə Siyəzəndə qazılan neft quyusunda müvəffəqiyyətlə sınaqdan keçirilib, əldə olunan nəticələr ARDNŞ-ə təqdim olunub.
Xarici şirkətlər və investorların də diqqətini cəlb edən bu kimi tozvari reagentlərlə dənizdə neft quyularını qazmaq çox sərfəlidir və daha səmərəli nəticələr verir.
Qeyd edək ki, hazırda Aşqarlar Kimyası İnstitutunda yeni yaradılmış və tətbiq üçün tövsiyə edilmiş bəzi elmi-tədqiqat işlərinin nəticələrinin də "Aşqar" EİB-də reallaşdırılması üçün işlər aparılır.