Balaxanı Sənaye Parkının rezidenti - “Ekokat” MMC işlənmiş mühərrik yağlarının emalı üzrə fəaliyyət göstərir.
FED.az xəbər verir ki, investisiya qoyuluşu 1 milyon manat təşkil edən müəssisənin illik istehsal gücü 3000 tondur. Rezidentə İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 200 min manat məbləğində güzəştli kredit vəsaiti verilib. Müəssisədə Türkiyə və Çin istehsalı olan emal avadanlıqları quraşdırılıb. Burada işlənmiş mühərrik yağlarının texnoloji və kimyəvi proseslərdən keçirməklə təkrar emalından 88% həcmdə yenidən istifadəyə yararlı mühərrik yağları istehsal etmək mümkündür. Bu yağlar iri tutumlu nəqliyyat vasitələrinin və kənd təsərrüfatı texnikasının mühərriklərində istifadə üçün bütün standartlara cavab verir. İstehsal prosesi zamanı baza yağları ilə yanaşı, dizel yanacağı da əldə olunacaq ki, bu da istehsalın yanacağa olan tələbatının ödənilməsinə yönəldiləcək. Qalan neft qalıqları isə asfalt, ruberoid və s. istehsalında bitum əvəzedicisi kimi istifadə olunur.
Ölkəmizdə ildən-ilə sürətlə artan avtomobil və digər texnikalarda istifadə olunmuş mühərrik və ya sürtkü yağlarının təkrar emalı bu yağların kənara atılaraq ətraf mühiti çirkləndirməsinin qarşısını alacaq.
Layihə çərçivəsində 20-ə yaxın daimi iş yeri yaradılıb.