Azərbaycan hökuməti ölkə ərazisində bərpa olunan enerji mənbələrini investorlara hərrac yolu ilə vermək niyyətindədir. FED.az xəbər veri rki, bu barədə energetika naziri Pərviz Şahbazov deyib.
Nazir bildirib ki, qarşıdakıillərlə Azərbaycanda ümumi enerji istehsalında bərpa olunan enerjinin payını indiki 17 faizdən 2025-ci ildə 24 faizə, 2030-cu ildə isə 30 faizə çatdırmaq məqsəd qoyulub. Bu məqsədlə ümumi gücü 1500 MVt-lı yeni stansiyalar tikiləcək. Bunun 470 meqavatını “ACWA Power” və “Masdar” kimi iri şirkətlər tikəcəklər.
Eyni zamanda çoxsaylı kiçik elektrik stansiyalarının da tikintisi nəzərdə tutulur. Hazırda İqtisadiyyat Nazirliyi, “Azərenerji” ASC və aidiyyəti qurumlarla birlikdə elektrik stansiyalarının investorlar tərəfindən inşasına başlanması üçün məsələlər müzakirə edilir.
Bu məqsədlə pilot layihələrdən əlavə özəl sektorun və xarici investorların iştirakı ilə yeni güclərin potensial ərazilərdə birbaşa cəlbetmə və hərraclar vasitəsilə reallaşdırılması nəzərdə tutulur.
Azərbaycanda “Bərpa olunan enerji mənbələrinin ərazisində elektrik enerjisi istehsalçısının seçilməsi qaydaları”nın layihəsi hazırlanıb. Buna uyğun olaraq ölkədə bərpa olunan enerji mənbələri ilə bağlı uyğun ərazilər seçiləcək investorlara təklif ediləcək. Hərracların keçirilməsi üçün müvafiq sənədlər və müqavilə layihələri artıq hazırdır. İlk hərracın Avropa Yenidənqurma və İnkişaf Bankı tərəfindən seçilmiş məsləhətçi şirkətin dəstəyi ilə gələn il keçirilməsi planlaşdırılır.
Ümumi investisiya dəyəri 500 milyon dollar olan bu layihələrin reallaşması nəticəsində ildə 1,5 milyard kVt/saat elektrik enerjisinin istehsalı nəzərdə tutulur ki, bu da 330 milyon kubmetrdən çox təbii qaza qənaət edilməsinə imkan verəcək.