SOCAR növbəti ekoloji nailiyyəti olaraq ilk dəfə neft-qaz hasilatı zamanı formalaşan emissiyaların (“Upstream Emission Reduction”) - UER layihəsi çərçivəsində sertifikatlaşdırılmasını həyata keçirib. Bu layihə neft-qaz sektorunda emissiyaların ciddi şəkildə azaldılması ilə yanaşı əlavə iqtisadi üstünlüklərin əldə edilməsinə səbəb olub.
Eləcə də bax: SOCAR və BP yeni müqavilələri - ŞUŞADA İMZALADILAR
FED.az xəbər verir ki, bu barədə SOCAR-ın vitse-prezidenti Rəfiqə Hüseynzadə Bakı Enerji Forumu çərçivəsində Şuşada keçirilən xüsusi sessiya zamanı məlumat verib.
Apstrim emissiyaların azaldılması “UER” mexanizmi neft-qaz əməliyyatları zəncirində istixana qazı emissiyalarının əhəmiyyətli dərəcədə azaldılmasına nail olmaq üçün effektiv alətdir.
Avropa İttifaqının Yanacaq Keyfiyyəti Direktivinə əsasən neft-qaz təchizatçıları əməliyyatlar zamanı emissiyaların azaldılması, habelə onların ətraf mühitə təsirlərinin minimuma endirilməsi üçün “UER” layihələrini həyata keçirir və bu barədə müvafiq sertifikatlar alırlar. Proses nəticəsində əldə edilən UER sertifikatları daha sonra enerji təchizatçılarına satıla bilər ki, bu da həmin şirkətlərin emissiyaların azaldılması hədəflərinə çatması üçün bir vasitədir.
Belə ki, Norveç Krallığının “Carbon Limits” şirkəti ilə əməkdaşlıq çərçivəsində SOCAR-ın fəaliyyət sahələrində pilot “Sızmaların müəyyənləşdirilməsi və aradan qaldırılması” (“Leak Detection and Repair” - LDAR) layihəsinin həyata keçirilməsinə dair 2018-ci il 11 may tarixli Anlaşma Memorandumu imzalanıb.
Layihə çərçivəsində “Azneft” İB-nin “Bibiheybətneft” NQÇİ, Ə.C.Əmirov adına NQÇİ, H.Z.Tağıyev adına NQÇİ, N.Nərimanov adına NQÇİ və “Abşeronneft” NQÇİ-də monitorinqlər keçirib, sızma mənbələri müəyyənləşdirilib və onların aradan qaldırılması üçün müvafiq tədbirlər görülüb.
Həyata keçirilmiş layihənin nəticəsi olaraq 14 min 500 ton CO2 ekvivalentində emissiya həcmi sertifikatlaşdırılıb və müvafiq qaydada satılıb. Layihənin icrası nəticəsində SOCAR 3 milyon manat mənfəət əldə edib.
Vitse-prezident Rəfiqə Hüseynzadə SOCAR-ın bu sahədə əldə olunan uğurlu təcrübəsini nəzərə alaraq, gələcəkdə də daha geniş seqmentlər üzrə azaldılmış emissiya həcmlərinin ticarəti üzrə yeni layihələr həyata keçirtmək niyyətində olduğunu bildirib. (Azərtac)