2017-ci ilin yanvar-iyun aylarında Azərbaycanda elektrik enerjisi istehsalının ümumi həcmi 11 mlrd. 199,6 mln. kVt/saat təşkil edib ki, bu da 2016-cı ilin analoji dövrünün göstəricisindən 2,2% çoxdur. Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Bununla yanaşı, hesabat dövründə ölkədə 10 mlrd. 733,5 mln. kVt/saat (artım 2,5%) əmtəəlik elektrik enerjisi istehsal olunub.
Yanvar-iyun aylarında “Azərenerji” ASC-nin (Azərbaycanda elektrik enerjisinin istehsalı üzrə dövlət inhisarçısı - İF) istilik elektrik stansiyaları 9 mlrd. 648,3 mln. kVt/saat (artım 3%), su elektrik stansiyaları 55,9 mln. kVt/saat (azalma 1,4%) əmtəəlik elektrik enerjisi istehsal ediblər.
Bundan başqa, qeyd olunan dövrdə respublikada əmtəəlik külək enerjisinin istehsal həcmi 8 mln. kVt/saat (azalma 13%), günəş enerjisinin istehsal həcmi 19,3 mln. kVt/saat (azalma 18,9%) təşkil edib.
Elektrik enerjisi istehsalının ümumi və əmtəəlik göstəriciləri arasında fərq onunla izah olunur ki, “Azərenerji” ASC istehsal olunan elektrik enerjisinin bir hissəsini öz tələbatının təmin olunmasına sərf edir.
2016-cı ildə Azərbaycanda elektrik enerjisi istehsalının ümumi həcmi 23 mlrd. 73,9 mln. kVt/saat təşkil edib.
Azərbaycanda elektrik enerjisinin istehsalı artıb
16:14
19 İyul 2017