Xəzər dənizinin Azərbaycan sektorundakı “Abşeron” qaz-kondensat yatağının operatorluğunu “Abşeron Neft” Birgə İstismar Şirkəti (JOCAP) həyata keçirəcək. FED.az xəbər verir ki, bu məsələ energetika naziri Pərviz Şahbazov Fransanın “Total” şirkətlər qrupunun Cənubi Avropa və Xəzər regionu üzrə vitse-prezidenti Bernard Klementin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşündə müzakirə edilib. Görüşdə Azərbaycanla əməkdaşlıq, eləcə də “Abşeron” qaz-kondensat yatağının işlənməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
“Abşeron” yatağında “Total”la əməkdaşlıqdan məmnunluğunu bildirən nazir ilk qazın hasil olunması üçün hansı işlərin aparıldığı ilə maraqlanıb. Xatırladaq ki, “Abşeron” yatağından çıxan qaz ilkin mərhələdə ölkədaxili tələbatın ödənilməsi üçün nəzərdə tutulub.
“Total” şirkətlər qrupunun vitse-prezidenti Bernard Klement SOCAR-la yüksək səviyyədə əməkdaşlığın nümunəsi kimi “Abşeron” qaz-kondensat yatağının operatorluğunu “Abşeron Neft” Birgə İstismar Şirkətinin həyata keçirəcəyini bildirib. Vitse-prezident bildirib ki, yataqda ilk quyu VI nəsil Yarımdalma Qazma Qurğusu ilə qazılacaq və bu proses gələn ilin mart ayına kimi yekunlaşacaq. Hələliksə “Abşeron” yatağı üçün platformanın inşası, ixrac boru kəmərinin layihələndirilməsi və quraşdırılması işlərinə hazırdıq gedir, bu işlərə bu ilin ortasında start veriləcək.
“Abşeron” yatağında ilk qaz 2020-ci ildə çıxacaq, ilkin mərhələdə illik təxminən 1,5 milyard kubmetr, 2022-2023-cü illərdə 5 milyard kubmetr qaz hasilatı nəzərdə tutulur.