010-2017-ci illərdə aparılan yenidənqurma işləri çərçivəsində gücü 424 MVt-a çatdırılmış Mingəçevir su elektrik stansiyasının 2018-ci ildə istifadəyə verilməsi nəzərdə tutulur.
FED.az xəbər verir ki, bunu “Azərenerji” ASC-nin prezidenti Etibar Pirverdiyev Yeni Azərbaycan Partiyasının rəsmi saytına müsahibəsində deyib.
O bildirib ki, 2011-ci il 21 sentyabr tarixində Bakı şəhərində 409 MVt gücündə “Şimal-2” elektrik stansiyasının təməli qoyulub:
“Artıq burada son tamamlama işləri aparılır və stansiyanın cari ildə istismara verilməsi gözlənilir. Lerik rayonunda tikilən 16,5 MVt gücündə elektrik stansiyası da 2018-ci ildə istismara veriləcək. Son illərdə respublikamızda kiçik su elektrik stansiyalarının tikintisi də geniş vüsət alıb. Artıq yeni tikilən bir neçə su elektrik stansiyası uğurla fəaliyyət göstərir. Cari ildə bu qəbildən olan “Astara-1”, “Oğuz-1”, “Oğuz-2” və “Oğuz-3” kiçik su elektrik stansiyalarının istifadəyə verilməsi nəzərdə tutulur”.
E.Pirverdiyev deyib ki, elektroenergetika sistemi ölkənin sosial-iqtisadi inkişafı baxımından strateji sahə olduğuna görə burada daim perspektiv inkişafla bağlı yeni hədəflər müəyyənləşdirilir:
“Bizim də perspektivdə istehsalın genişləndirilməsi, keyfiyyətin yaxşılaşdırılması ilə bağlı planlarımız olduqca əhatəlidir”.