Nazirlər Kabnetinin qərarı ilə “Neft məhsullarının aksiz dərəcələri səviyyəsinin dəyişdirilməsi və ölkə ərazisində daşınması xərcləri ilə bağlı bəzi məsələlər haqqında” qərarında dəyişiklik edilib.
FED.az xəbər verir ki, qərara əsasən bundan sonra benzin və dizel yanacağının təchizatçılara çatdırılması xərcini SOCAR ödəyəcək.
Qeyd edək ki, indiyədək ölkədə benzin və dizel yanacağının qiymətlərinin sabit və hər yerdə eyni səviyyədə qalması üçün dövlət tərəfindən onun daşınması üçün subsidiya verilirdi. Məsələn Naxçıvana daşınan benzin və dizelə görə daşınma haqqı Naxçıvana verilən büdcə dotasiyasında nəzərə alınırdı.
İndi isə bu qayda dəyişdirilib. Bu vəsait SOCAR tərəfindən ödəniləcək. Qaydaya əsasən subsidiyanın ölkə daxilində istehsal edilən və qiymətləri dövlət tərəfindən tənzimlənən avtomobil benzinlərinin və dizel yanacağının Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin müəyyən etdiyi satış məntəqələrindən daşıyıcılara ödənilməsi dövlət büdcəsindən Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə ayrılan subsidiya hesabına “SOCAR PETROLEUM” QSC tərəfindən təmin edilməlidir.
Bununla bağlı, Maliyyə Nazirliyi tərəfindən bu məqsədlə hər il dövlət büdcəsinin tərtibi zamanı Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə müvafiq məbləğdə subsidiya nəzərdə tutulur.
İndiyədək bu məbləğ Naxçıvan Nazirlər Kabineti ilə müzakirə edilib razılaşdırılırdı. İndi isə məsələ ilə SOCAR və Azərbaycanın Maliyyə Nazirliyi məşğul olacaq.
Belə ki, qərara əsasən, Dövlət Neft Şirkətinə bir ay müddətində Maliyyə Nazirliyi ilə razılaşdırmaqla, avtomobil benzinlərinin və dizel yanacağının Naxçıvan Muxtar Respublikasına daşınmasına (təchizatına) dair ümumi şərtləri müəyyən etmək tapşırılır.