Azərbaycanda “Aİ-95” premium markalı benzin bahalaşıb.
FED.az xəbər verir ki, “Aİ-95” premium markalı benzin 0,4 manat bahalaşıb və yeni satış qiyməti 2 manat təşkil edəcək.
Xatırladaq ki, indiyədək bu benzinin litri 1,6 manatdan satılırdı.
Benzinin qiymətinini artımı, səbəbləri ilə bağlı rəsmi məlumat yoxdur, amma qeyri rəsmi olaraq mətbuata ötürülən məlumatda deyilir ki, benzinin qiymətinin artmasına səbəb dünya bazarlarında neftin bahalaşmasıdır. “Aİ-95” premium markalı benzin Azərbaycanda istehsal olunmadığı üçün xaricdən idxal edilir. Məhsulun idxal dəyərinin artması onun ölkəmizdəki satış qiymətlərinin də artmasına səbəb olub.
Qeyd edək ki, “Aİ-95” markalı benzinin qiyməti qlobal bazarlardakı neft qiymətlərindən birbaşa olaraq asılıdır. Misal olaraq, qiymətlərdəki 2020-ci ilin martın 13-də qeydə alınan azalmanı göstərə bilərik. Həmin vaxt “Aİ-95” premium markalı benzin dünyadakı neft qiymətləri fonunda ölkəmizdə 1,5 manatdan 1,2 manata qədər (20 faiz) ucuzlaşmışdı.
Yayılan məlumatda bildirilir ki, dünya ölkələrində Aİ-95 markalı benzinin satış qiyməti ölkəmizlə nisbətdə olduqca yüksəkdir. Üstəlik, hətta Azərbaycandakı müvafiq qiymət artımından sonra belə əksər ölkələrlə müqayisədə Azərbaycanda “Aİ-95”in qiyməti olduqca məqbul hesab oluna bilər.
Məsələn, qonşu Gürcüstanda “Aİ-95” markalı benzinin qiyməti müvafiq olaraq 1,34 ABŞ dolları (2,27 manat) təşkil edir. Daha bir qonşumuz olan Türkiyədə isə sözügedən qiymət 1,46 dollara (2,48 manat) bərabərdir. Azərbaycanda “Aİ-95” Premium markalı benzinin yeni qiyməti Avropa ölkələrindəki qiymətdən də kifayət qədər aşağıdır. Məsələn, cənub-şərqi Avropa ölkəsi Rumıniyada bu rəqəm müvafiq olaraq 1,68 dollar (2,85 manat), qərbi Avropa ölkəsi olan İsveçrədə isə 2,36 dollara (4,01 manat) çatır.
“Aİ-95” premium markalı benzinin bahalaşmasının Azərbaycan əhalisinə təsiri isə minimum həddə olacaq. Belə ki, ölkəmizdə sözügedən markalı benzin yalnız lüks avtomobillər tərəfindən istifadə olunur. Azərbaycanda istehlak olunan benzin markaları arasında “Aİ-95” premium markalı benzinin payı cüzidir. Ölkəmizdə əsasən “Aİ-92” və dizel markalı yanacaqdan istifadə olunur.
Azərbaycanda kütləvi şəkildə istifadə olunan Aİ-92 markalı benzinin qiymətində heç bir dəyişiklik edilməyib. Yenə də qeyri-rəsmi olaraq mətbuata bildirilib ki , yaxın vaxtlarda da sözügedən markalı benzinin qiymətində hər hansı bir artımın olması gözlənilmir.