"SOCAR Türkiyə”nin dəstəyi ilə “Tohum” Autizm Fondu və “Birgə və Sağlam” İctimai Birliyi autizmli uşaqların təhsili üçün geniş əməkdaşlığa başlayıb
FED.az xəbər verir ki, Türkiyənin “Tohum” Autizm Fondu autizmli uşaqların erkən diaqnostikası və onların cəmiyyətdə iştirakına imkan yaradılması sahəsində elmi araşdırmalarla dəstəklənən Tətbiqi Davranış Analizinə əsaslanan təhsil modelini beynəlxalq miqyasda yaymaqda davam edir. “SOCAR Türkiyə” “Tohum” Autizm Fondu ilə Azərbaycanın “Birgə və Sağlam” İctimai Birliyi arasında mövcud əməkdaşlığının genişləndirilməsinə, autizmli uşaqların təhsil proqramına davamlı və intensiv dəstək verəcək. Bu məqsədlə təhsil və fond əməkdaşlarının potensialının gücləndirilməsi üçün birgə təlimlər təşkil ediləcək.
“SOCAR Türkiyə” Kommunikasiya və Dövlətlə Əlaqələr departamentinin rəhbəri Mikayıl Yusifov autizmli uşaqlara yardım edilməsi və onlara təhsilin verilməsi istiqamətində bilik və təcrübə mübadiləsinin əhəmiyyətindən danışıb: “Biz xüsusi məqsəd naminə bu dəyərli əməkdaşlığı dəstəkləməkdən çox məmnunuq. “SOCAR Türkiyə” olaraq Azərbaycanda autizmli uşaqların təhsilinə töhfə vermək məqsədilə uzun illərdir “Tohum” Autizm Fondu ilə Azərbaycandakı “Birgə və Sağlam” İctimai Birliyinin əməkdaşlığını dəstəkləyirik. Bu iki qurumun birlikdə fəaliyyətinin daha güclü olacağına və uşaqların sosial ünsiyyət bacarıqlarına yiyələnməsində mühüm rol oynayacağına inanıram.”
“Tohum” Autizm Fondu vitse-prezidenti Aylin Sezgin bildirib ki, “Birgə və Sağlam” İçtimai Birliyi ilə 2017-ci ildən etibarən həyata keçirilən əməkdaşlıq çərçivəsində azərbaycanlı autizmli uşaqların inkişafı üçün mütəxəssis hazırlayırıq. ““Birgə və Sağlam” İctimai Birliyi ilə tətbiqi təlim və qiymətləndirmə, təlim keçən şəxsin xidmətlərinə nəzarət kimi sahələrdə əməkdaşlıq edirik və artıq bir çox uğurlu proseslərə nail olmuşuq. “SOCAR Türkiyə”nin dəstəyi ilə səylərimizi davam etdirəcəyik. Mən öz adımdan və “Tohum” Autizm Fondu adından bu əməkdaşlıqda əməyi olan hər kəsə və “SOCAR Türkiyə”yə təşəkkür edirəm.’’
“Birgə və Sağlam” İctimai Birliyinin rəhbəri Aytən Eynalova autizmli şəxslərə dəstək verilməsi üçün “Tohum” Autizm Fondu ilə əməkdaşlığın perspektivlərindən danışıb: “Bu sinerji ilə daha uğurlu işlərə imza atacağımıza inanırıq. “Tohum” Autizm Fondundan öyrənəcəyimiz və reallaşdıracağımız çoxlu layihə var. Bu əməkdaşlığa böyük töhfə verən “SOCAR Türkiyə” sayəsində bilik və sistem mübadilələri vasitəsilə həyata keçirəcəyimiz işləri səbirsizliklə gözləyirik”.
“Tohum” Autizm Fondu haqqında:
“Tohum” Türkiyə Autizm Erkən Diaqnostika və Təhsil Fondu 2003-cü ildən fəaliyyət göstərir. Fond autizm spektr pozuntusu olan uşaqların erkən diaqnostikası və xüsusi təhsil vasitəsilə cəmiyyətə inteqrasiyası sahəsində liderlik edir.
Daha ətraflı məlumat üçün:
E. Kaan Öztamur
0212 244 7500 / 0546 629 90 4