Bu ilin yanvar ayında Azərbaycanda gündəlik neft hasilatı orta hesabla 484 min barel səviyyəsində olub.
FED.az xəbər verir ki, bu barədə Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) aylıq hesabatında bildirilir.
Məlumata görə, ötən ilin noyabrında qeyd olunan göstərici 488 min barel, dekabrında isə 484 min barel təşkil edib.
Sənəddə bildirilir ki, ötən il Azərbaycanda gündəlik neft hasilatı orta hesabla 482 min barel səviyyəsində olub, bu da 2023-cü ilin göstərici (504 min barel) ilə müqayisədə 22 min barel azdır.
Qeyd edək ki, “OPEC+” (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) ölkələri nazirlərinin 38-cı iclasında əldə edilmiş razılaşmaya görə, 2026-cı ilin sonunadək Azərbaycanın hasilat kvotası gündəlik 551 min barel təşkil edir.
Beləliklə, Azərbaycan bu ilin yanvar ayında "OPEC+" çərçivəsində kvotadan 67 min barel geridə qalıb. (Apa)