"İran və Azərbaycan arasında əməkdaşlıq səviyyəsi çox inkişaf etdirilib və müştərək layihələr uğurla icra olunur. Bu gün iki ölkə arasında əməkdaşlığı daha da inkişaf etdirmək üçün geniş potensial mövcuddur".
FED.az xəbər verir ki, bunu açıqlamasında İran-Azərbaycan müştərək ticarət palatasının sədri Behruz Pursuleyman deyib.
B.Pursuleyman bildirib ki, iki ölkənin dəmir yolu xəttinin Astarada birləşdirilməsi önəmli bir hadisədir: "Bu dəmir yolu İranın digər ölkələrlə ticarəti üçün şərait yaradır. İki ölkənin sərhəd-buraxılış məntəqələrinin 24 saat fəaliyyət göstərməsi də yaxşı haldır. Prezidentlərin razılığı ilə iki ölkə neft sahəsində də əməkdaşlığı inkişaf etdirir”.
B.Pursuleymanın sözlərinə görə, Azərbaycan və İran müştərək neft şirkəti təsis etmək niyyətindədir və bununla bağlı hazırlıq işləri görülür: "Yaxın 2-3 ay ərzində bu baş tutacaq".
O deyib ki, hazırda İran məhsullarının Azərbaycana ixracını artırılması üçün əlverişli şərait yaranıb: "İrandan Azərbaycana əsasən tikinti materialları, ərzaq məhsulları, plastik məhsullar və digər məhsullar ixrac olunur. Ümid edirik ki, daha çox məhsulun Azərbaycana ixrac ediləcəyini müşahidə edəcəyik”.