Ukraynanın aqrar sektoru üçün Azərbaycan hazır yanacağın tədarükünü artıra bilər. Lakin, bu birbaşa deyil, Avropa İttifaqı (Aİ) ölkələri vasitəsilə həyata keçirilə bilər.
Eləcə də bax: Azərbaycan Ukraynaya yanacaq dəstəyi - VƏD EDİB
FED.az xəbər verir ki, bu barədə Ukraynanın "Focus" nəşri məlumat yayıb.
Azərbaycan neft və neft məhsullarının istehsalçısı və idxal olunan xammalın tədarükündə Ukraynanın əsas tərəfdaşıdır. Azərbaycan Dövlət Neft Şirkətinin Ujraynadakı törəmə “SOCAR Energy Ukraine” şirkəti Ukraynanın avtomobil yanacağı bazarında əsas operatordur. Şirkət həmçinin Ukraynaya aviasiya yanacağı idxal edir.
Ukraynanın Dövlət Gömrük Xidmətinin məlumatına görə, ötən il Ukraynaya 827,59 milyon ABŞ dolları dəyərində neft və neft məhsulları idxal edilib ki, bu da 2020-ci illə müqayisədə 2 dəfə (409,17 milyon ABŞ dolları) çoxdur. O cümlədən Azərbaycandan bu ölkəyə 586,18 milyon ABŞ dolları fəyərində neft və neft məhsulları idxal edilib. Yəni, 2021-ci ildə Ukraynaya neft idxalının ümumi həcmində Azərbaycanın payı 70,8 % təşkil edib.
“Psixeya” elmi-texniki mərkəzinin xüsusi layihələr üzrə direktoru Gennadi Ryabtsev nəşrə bildirib ki, Azərbaycan yanacağı svop tədarükü hesabına Ukraynaya əkin üçün gətirilə bilər.
Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski martın 26-da müraciətində Azərbaycanın neft məhsulları baxımından mümkün yardımından danışıb. Bir neçə gündən sonra V.Zelenski “Twitter” hesabında Azərbaycanın Ukraynaya əkin kampaniyası üçün yanacaqla kömək etməyə hazır olduğunu açıqlayıb.
"Əvəzetmə yolu ilə tədarük etmək imkanı var. Məsələ ondadır ki, Azərbaycan Avropada istənilən şəxsə yanacaq sata bilər və artıq həmin avropalı istehlakçılar Avropada istehsal olunan yanacağı paylaşa bilərlər. Bunlar svop tədarükləridir. Bu, o deməkdir ki, iri şəbəkələr Azərbaycanda birbaşa istehsal olunmayan yanacaqla təmin edə bilərlər”, - deyə Ryabtsev izah edib.
KSE İnstitutunun Enerji və İqlim Tədqiqatları Mərkəzinin rəhbəri Boris Dodonov da svopların mümkünlüyündən danışıb. Onun sözlərinə görə, Azərbaycan böyük həcmdə enerji resursları ixrac edir. Ancaq Ukraynaya dəqiq nə qədər çatdırıla bilər, bu məsələ hər iki ölkənin prezidentləri arasında razılaşdırılmalıdır. Həmçinin, seçilmiş logistik marşrutların tutumu da nəzərə alınmalıdır”.
G.Ryabtsev diqqət çəkir ki, əvvəllər çatdırılma üçün əsasən dəniz və ya dəmir yollarından istifadə edilirdi. Müharibə şəraitində bu mümkün deyil.
"Çox güman ki, yanacaq Ukraynaya quru yolu ilə çatdırılacaq. Müharibəni nəzərə alaraq, heç kim bu çatdırılmaların sxemlərini açıqlamayacaq", - B.Dodonov deyir. O, təklif edir ki, Azərbaycan gələcəkdə Ukraynada neft emalı güclərinin yaradılmasında maraqlı ola bilər.
"Bu, həm onların Ukrayna daxilində emalına, həm də hazır neft məhsullarının vergiyə cəlb edilməsinə görə vergi güzəştləri vasitəsilə həyata keçirilə bilər. Amma bunun üçün müharibə başa çatmalı və Rusiya Ukraynadan qoşunlarını çıxarmalıdır", - B.Dodonov əmindir. (Report)