Bu ilin sentyabr ayında Azərbaycan Türkiyəyə 753 mln kubmetr təbii qaz ixrac edib.
FED.az xəbər verir ki, bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun (Enerji Piyasası Düzenleme Kurumu – EPDK) hesabatında qeyd olunub.
Məlumata görə, bu, ötən ilin sentyabr ayı ilə müqayisədə 8 % azdır. Sentyabrda Azərbaycan Türkiyəyə təbii qaz ixrac edən ikinci ölkə olub.
Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycandan Türkiyəyə 8 mlrd 278,19 mln kubmetr təbii qaz ixrac edilib. Bu, 2019-cu ilin yanvar-sentyabr ayları ilə müqayisədə 20,6 % çoxdur.
Qeyd edək ki, bu ilin sentyabr ayında Türkiyə ümumilikdə 3,72 mlrd kubmetr həcmində təbii qaz idxal edib ki, bu da 2019-cu ilin eyni ayının göstəriciləri ilə müqayisədə 22,5 % çoxdur.
Qeyd edək ki, sentyabr ayında Rusiya Türkiyəyə qaz ixracına görə liderdir. Sentyabrda Rusiyadan Türkiyəyə 1,85 mlrd kubmetr təbii qaz ixrac olunub. Üçüncü yerdə qərarlaşan İran isə sentyabrda Türkiyəyə 514 mln kubmetr qaz nəql edib. Bununla da sentyabrda Rusiyanın Türkiyəyə ixrac etdiyi təbii qazın həcmi 2019-cu ilin sentyabr ayı ilə müqayisədə 85 % artıb, İranın göndərdiyi qaz həcmi isə 20,5 % azalıb.
Qeyd edək ki, Türkiyəyə Azərbaycanın “Şahdəniz” yatağından hasil edilən təbii qaz nəql edilir. Təbii qaz həcmləri Cənubi Qafqaz Boru Kəməri (Bakı-Tbilisi-Ərzurum) və Trans-Anadolu Təbii Qaz Kəməri (TANAP) vasitəsilə Türkiyə bazarına çatdırılır. Bakı-Tbilisi-Ərzurum kəməri ilə ilk qaz Türkiyə bazarına 2007-ci ildə daxil olub. TANAP vasitəsilə Türkiyəyə kommersiya qazının nəqlinə isə 2018-ci il iyunun 30-da başlanılıb.