Bu ilin yanvar ayında Azərbaycandan Türkiyəyə 590,35 mln. kubmetr təbii qaz ixrac edilib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 0,7% azdır. Bu barədə Türkiyənin Enerji Bazarlarına Tənzimlənməsi üzrə Qurumunun (EPDK) açıqladığı statistikada qeyd edilib.
Xatırladaq ki, 2016-cı ilin yanvar ayında Azərbaycan Türkiyəyə 594,46 mln. kubmetr təbii qaz ixrac edib.
Yanvarın sonuna ola göstəricilərə əsasən, Türkiyənin qaz idxalında Azərbaycanın payı 9,98%-dir. Ötən ilin yanvar ayında bu göstərici 11,02% olub.
Qeyd edək ki, bu ilin yanvar ayında Türkiyəyə ümumilikdə 5 mlrd. 914,34 mln. kubmetr təbii qaz idxal edilib. Türkiyəyə qaz idxal edən ölkələrin siyahısına Rusiya başçılıq edir. Yanvarda şimal qonşumuz Türkiyəyə 2 mlrd. 829,41 mln. kubmetr təbii qaz nəql edib. İkinci yerdə qərarlaşan İran qardaş ölkəyə 789,58 mln. kubmetr qaz satıb. Üçüncü yerdəki Əlcəzair Türkiyəyə 636,6 mln. kubmetr təbii qaz ixrac edib.