Serbiyanın “Elektroprivreda Serbiya” (EPS) şirkəti və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) arasında bu ölkənin Niş şəhərində qaz elektrik stansiyasının (QES) inkişafı, tikintisi və idarə edilməsi üzrə səhmdarlar müqaviləsinin yaxın həftələrdə imzalanması gözlənilir.
FED.az xəbər verir ki, bunu Serbiyanın mədənçilik və energetika naziri Dubravka Cedoviç Handanoviç Niş şəhərinin meri Draqoslav Pavloviç ilə görüşdə deyib.
Tərəflər görüş zamanı, ümumilikdə, Nişdə qazla işləyən elektrik stansiyasının tikintisi layihəsinin gedişini müzakirə ediblər.
D.Handanoviç elan edib ki, elektrik stansiyasının tikintisi 2030-cu ildə başa çatacaq: “Planlaşdırma sənədləri hazırlanır. Layihənin 2020-cu ildə başa çatdırılması planlaşdırılır. Yeni obyekt Serbiyanın enerji sabitliyini gücləndirəcək, eyni zamanda Niş sakinlərinin istilik enerjisi ilə təminatını yaxşılaşdıracaq”.
Nazir vurğulayıb ki, layihənin reallaşması üçün EPS və SOCAR arasında birgə müəssisə yaradılacaq. Bunun üçün səhmdarlar müqaviləsinin yaxın həftələrdə imzalanması gözlənilir”.
Qeyd edək ki, iyunun əvvəlində Bakıda EPS və SOCAR Nişdə qazla işləyən elektrik stansiyasının inkişafı, tikintisi və idarə olunması üzrə əməkdaşlığın əsas şərtlərini müəyyən edən sənəd imzalayıblar. Bu sənəddə layihənin hazırlanması və həyata keçirilməsi üçün birgə səhmdar cəmiyyətinin yaradılmasının əsas prinsipləri, eləcə də gələcək əməkdaşlığın başlıca kommersiya aspektləri müəyyən edilib.
D. Handanoviç xatırladıb ki, Niş QES Serbiya ilə Azərbaycan arasında əməkdaşlıq çərçivəsində həyata keçirilən strateji layihədir. Bu layihə üzrə dövlətlərarası saziş bu ilin fevral ayında Belqradda, hər iki ölkənin prezidentlərinin iştirakı ilə imzalanıb.
Xatırladaq ki, Azərbaycanın iştirakı ilə Serbiyada yeni elektrik stansiyasın tikintisi barədə qərar fevral ayında prezident İlham Əliyevin Serbiyaya səfəri zamanı açıqlanmışdı. Həmin vaxt Serbiya prezidenti Aleksandr Vuçiç bildirmişdi ki, Serbiya prezidenti bildirib ki, dünyada elektrik enerjisinə artan tələbatı nəzərə alaraq Serbiya daha çox enerji istehsal etmək niyyətindədir və bu prosesi Azərbaycanla birlikdə həyata keçirəcək.
O vaxt nəzərdə tutulurdu ki, Azərbaycanın Serbiya ilə birgə inşa edəcəyi 500 meqavatlıq stansiyanın tikintisi 2 il çəkəcək və 2029-cu ilə qədər işə düşəcək, amma indi tarix bir il sonraya çəkilib.
Tikintiyə nəzarəti Azərbaycan şirkətləri həyata keçirəcək. Serbiya şirkətləri də işlərə qoşulacaq, hər iki tərəf 50 faizlə işləyəcək. Alınan elektrik enerjisi Serbiyada Amerika şirkətləri ilə birlikdə tikilməsi nəzərdə tutulan DATA mərkəzlərində istifadə olunacaq.
İlham Əliyev isə bildirmişdi ki, Serbiyadakı yeni stansiya Azərbaycan qazı ilə işləyəcək və hasil olunan enerji xaricə də ixrac olunacaq: «Bir müddət əvvəl biz Serbiyaya təbii qazın ixracına başlamışıq və bu gün qərara gəldik ki, ixracın həcmini artıracağıq. İndi Serbiya ixrac ediləcək qazı da elektrik enerjisinə çevirərək, artıq təmiz elektrikin əldə edilməsinə də nail olacaq. Bu, həm Serbiya bazarı üçün və gələcəkdə ixrac üçün də imkanlar yaradacaq. Bu gün Azərbaycanın energetika sahəsində ixrac potensialı 2 giqavata bərabərdir. Bu rəqəm artacaq. Çünki biz indi bir çox bərpaolunan enerji stansiyalarının tikintisi ilə məşğuluq və bu sahədə də Serbiya ilə əməkdaşlıq etməyə hazırıq».














