Bu ilin noyabr ayında Azərbaycan üzrə gündəlik neft (kondensatla birlikdə) hasilatı 686,2 min barel olub. Bunun 587 min barelini xam neft, 99,2 min barelini isə kondensat təşkil edib.
Eləcə də bax: ""OPEC+"un qərarı neft bazarında balansı pozmayacaq"
FED.az xəbər verir ki, bu barədə Azərbaycan Energetika Nazirliyinin açıqlamasında deyilir.
Qeyd olunur ki, “Əməkdaşlıq Bəyannaməsi”nə əsasən, 2018-ci ilin oktyabr ayında gündəlik xam neft hasilatı 718 min barel olan Azərbaycan cari ilin avqust-dekabr aylarında xam neft istehsalını sutkada 131 min barel azaltmaqla 587 min barel həcmində saxlamalıdır. Bununla da Azərbaycan noyabr ayında “OPEC+” üzrə xam neft hasilatını orta günlük 587 min barel həcmində icra etməklə, “OPEC+” üzrə öhdəliyini 100% yerinə yetirib.
Qeyd edək ki, 12 aprel tarixli “OPEC+” razılaşmasının gündəlik xam neft hasilatının ümumilikdə 7,7 mln. barel azaldılması ilə bağlı ikinci mərhələsi 1 avqust - 31 dekabr tarixlərini əhatə edir.
Cari ilin 3 dekabr tarixində OPEC+ nazirlərinin 12-ci iclasında qəbul edilmiş qərara əsasən 2021-ci ilin yanvar ayı üçün gündəlik xam neft hasilatının “OPEC+” ölkələri tərəfindən 7,2 mln. barel, müvafiq olaraq ölkəmiz tərəfindən isə 123 min barel azaldılması nəzərdə tutulub. Bununla da, 2021-ci ilin yanvar ayında ölkə üçün təklif olunan gündəlik neft hasilatı 595 min barel səviyyəsində müəyyən edilib.