“Macarıstan ölkəyə Azərbaycan qazını nəql edəcək boru kəmərinin çatışmayan hissəsinin tikintisini tamamlayacaq”.
Macarıstan mətbuatının verdiyi məlumata görə, bu barədə ölkənin xarici işlər və ticarət naziri Peter Siyarto (Péter Szijjarto) dünən “Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının nazirlərin toplantısında çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, qaz tədarükü Macarıstan üçün milli təhlükəsizlik problemidir. O, hökumətin həm mənbələr, həm də tədarük xətləri baxımından şaxələndirməyə dair öhdəliyinə sadiq qaldığını təsdiqləyib.
Macarıstanlı nazir Cənub Qaz Dəhlizinin tikintisinin tamamlanmasını alqışlayıb və Avropada çatışmayan milli hissələrin ən qısa müddətdə inşa edilməsinə çağırıb. Onun sözlərinə görə, Macarıstan və Bolqarıstan sərhədləri arasındakı Serbiya hissəsi artıq inşa edilib və o, Bolqarıstan və Yunanıstan arasındakı boru kəməri hissənin də ən qısa müddətdə tamamlanmasına çağırıb.
P. Siyarto Macarıstanın elektrik enerjisi və təbii qaz istehsalı müəssisələrinə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə Macarıstana Azərbaycan qazının alınması ilə bağlı müqavilələrin bağlanılması üçün danışıqlara başlamasını tapşırıb.
P. Syatro həmçinin Türkmənistanla Azərbaycan arasında Xəzər dənizində ortaq kəşfiyyat layihələrinə dair imzalanan yeni əməkdaşlıq müqaviləsini alqışlayıb. O bildirib ki, bu sazişlər də Cənub Qaz Dəhlizi vasitəsilə əlavə qaz tədarükünə yol aça biləcək.
Macarıstanlı nazir bu ölkənin MOL şirkəti Azərbaycanın ən böyük Avropa investoru olduğunu və bu ölkənin ən böyük qaz yatağı olan “Azəri-Çıraq-Günəşli” yataqlar blokunda üçüncü ən böyük paya sahib olduğunu qeyd edib.
Qeyd edək ki, Cənub Qaz Dəhlizinin sonuncu seqmenti kimi, Avropanın yeni təbii qaz mənbəyinə etibarlı çıxışını təmin edən və strateji əhəmiyyət daşıyan TAP Avropanın enerji təhlükəsizliyinin möhkəmlənməsində, tədarükün şaxələndirilməsində mühüm rol oynayır, həmçinin dekarbonizasiya məqsədlərinə xidmət edir.
TAP Xəzər dənizinin Azərbaycan sektorundakı nəhəng “Şahdəniz” yatağından təbii qazı Avropaya daşıyır. 878 km-lik boru kəməri Türkiyə-Yunanıstan sərhədində, Kipoidə Trans Anadolu Boru Kəmərinə birləşir, Yunanıstan, Albaniya və Adriatik dənizindən keçərək İtaliyanın cənub sahillərinə çatır.
31 dekabr 2020-ci il tarixindən etibarən Avropaya tǝbii qaz axınının başladığı layihədə ilk gün TAP vasitǝsi ilǝ Avropaya 10,9 milyon kubmetr tǝbii qaz nəql edilib.
TAP perspektivdə tikiləcək interkonnektorlar vasitəsi ilə Çənub-Şərqi Avropa ölkələrinə qaz tədarükünü stimullaşdıra bilər. Misal üçün Bolqarıstan təbii qaza tələbatının 33 %-ni TAP vasitəsilə təmin edərək təchizat təhlükəsizliyini gücləndirməyə qadir olacaq. Bu da, öz növbəsində, ölkədə təbii qazın nüfuz dairəsini artıracaq. TAP-ın Yunanıstan və Albaniya ərazisində, habelə İtaliyadakı çıxış nöqtələri Azərbaycan qazının digər Avropa ölkələrinə nəqli üçün də imkanlar açır.
TAP-ın səhmdarları SOCAR (20 %), bp (20 %), Snam (20 %), Fluxys (19 %), Enagás (16 %) və Axpo (5 %) şirkətləridir.