İyunun 19-da Azərbaycan qazının daha bir ölkəyə nəqli başlayıb.
FED. Az xəbər verir ki, “Interconnector Greece – Bulgaria” (IGB) kəmərinin operatoru Azərbaycan qazının Yunanıstandan Bolqarıstana sınaq nəqlinə start verib.
Qeyd edək ki, Azərbaycan qazının Bolqarıstana nəqli üçün Trans Adriatik Qaz kəmərindən (TAP) ayrılan əlavə qol - Yunanıstandan Bolqarıstana interkonnekter adlanan boru çəkilib. Bu boru (IGB) hələ iki ay əvvəl 2022-ci il martın sonunda TAP-a qoşulub.
FED.az Bolqarıstan milli radiosuna istinadla xəbər verir ki, iyun ayının sonunadək kəmərə sınaq miqdarında qaz vurulucaq, bundan sonra iyulun 1-dən başlayaraq, tədarük tam həcmdə həyata keçiriləcək. Bolqarıstan il ərzində 1 milyard kubmetr Azərbaycan qazı almalıdır.
Sistemlərarası IGB (Interconnector Greece-Bulgaria) qaz boru kəməri “Bulqartransqaz” kompaniyasının milli qaz şəbəkəsini yunan qaz şəbəkəsi ilə birləşdirir. Onun uzunluğu 140 kilometr, buraxılış gücü illik 3 milyard kubmetrdir. Qaz kəməri ildə 3 milyard kubmetrə hesablanıb və gələcəkdə tədarük həcmi 5,5 milyard kubmetrə qədər genişləndiriləcək.
IGB-nin kəmərinin tikintisinə 2019-cu il mayın 22-də başlanılıb. Dəyəri 240 milyon avro olan kəmərin 2021-ci ilin iyulunda, daha sonra 2021-ci ilin sonunda istifadəyə verilməsi planlaşdırılsa da, pandemiya səbəbindən kəmərin 2022-ci ilin yayında istifadəyə verilməsinin nəzərdə tutulduğu açıqlanmışdı.
IGB Transadriatik (TAP) qaz kəmərindən Yunanıstan milli qaz sisteminə, sonradan isə üzən reqazifikasiya qurğusu ilə Aleksandrupolis limanına bağlanacaq. Bununla yanaşı, IGB gələcəkdə təbii qazı Yunanıstandan Bolqarıstana, oradan isə Serbiya, Şimali Makedoniya, Rumıniya və Macarıstana, həmçinin Ukraynaya çatdırmağı planlaşdırır.