Azərbaycan təbii qazını Bolqarıstana çatdıracaq 182 kilometrlik Yunanıstan-Bolqarıstan birləşdirici qaz kəmərinin (Interconnector Greece – Bulgaria - IGB) tikintisi çərçivəsində 90-95% işlər yerinə yetirilib.
Eləcə də bax: Azərbaycan qazı üçün daha bir yol açıldı – İLDƏ 3 MİLYARD KUBMETR SATILACAQ
FED.az xəbər verir ki, gözlənilir ki, qaz kəmərinin tikintisi vaxtında bitəcək (sonuncu dəfə müəyyən edilən istifadəyə verilmə tarixi – 2022-ci ilin iyul ayı) və iyulun əvvəlində qaz Yunanıstandan bu xətt ilə Bolqarıstana tədarük ediləcək.
Qeyd olunur ki, IGB kəmərinin tikintisi bitmək üzrədir.
Xatırladaq ki, Yunanıstan-Bolqarıstan birləşdirici qaz kəmərinin istifadəyə verilməsinin təxirə salınması səbəbindən (2020-ci ilin sonunda istifadəyə verilməli idi) Azərbaycan qazı Bolqarıstana müvəqqəti olaraq Yunanıstanın sərhəd nöqtəsində (Kula-Sidirokastro) mövcud birləşdirici xətlə nəql edilir.
Komotini (Yunanıstan) və Stara Zaqora (Bolqarıstan) arasında tikilən 182 km-lik IGB boru kəmərinin illik ötürmə gücü 3 mlrd. kubmetr olacaq, gələcəkdə bu göstərici 5 mlrd. kubmetrə çatdırıla bilər.
Qeyd edək ki, Bolqarıstanın "Bulgargaz" şirkəti "Şahdəniz-2" layihəsi çərçivəsində "Şahdəniz" konsorsiumu ilə ildə 1 mlrd. kubmetr qazın nəqli ilə bağlı müqavilə imzalayıb. Azərbaycan 2020-ci ilin dekabrın 31-dən Trans-Adriatik boru kəməri (TAP) vasitəsi ilə Avropaya qaz ixracına başlayıb. Bu boru kəməri Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna qədər uzanır. (Apa)