Gələn aydan soyuq Avropa həm də Azərbaycan qazına qızınmağa başlayacaq. TAP – TransAdriatik Boru Kəməri - Cənub Qaz dəhlizinin tərkib hissəsidir. O Rusiya qazına alternativ kimi nəzərdə tutulub, Azərbaycanın "Şahdəniz 2" yatağından çıxacaq qazı Türkiyədən İtaliyaya, ordan da Avropaya nəql etməlidir.
Eləcə də bax: TAP İtaliyanın qaz tələbatının - 12%-ni Ödəyəcək
FED.az xəbər verir ki, Cənubi Qaz Dəhlizinin Türkiyə Yunanıstan sərhəddinə qədər olan hissəsi - TANAP 2018-ci ildə istifadəyəverilmişdi. Türkiyənin "Habertürk" xəbər portalı dekabrın 10-da yazır ki, TAP boyunca kommersiya qazının axını yubanır.
Amma Azərbaycanın dövlət neft şirkəti - SOCAR-ın mətbuat xidmətinin rəhbəri İbrahim Əhmədov "Azadlıq" radiosuna bildirib ki, layihə plan üzrə gedir: “Noyabrın 15-də TAP İtaliyanın şəbəkəsinə qoşuldu. Hələlik borudakı texniki məqsədli qazdır. Dekabrın sonundan isə artıq kommersiya məqsədli qaz ötürüləcək”.
İbrahim Əhmədov deyib ki, tərəflər hələki gələn il nə qədər qazın nəql olunacağını və büdcəyə nə qədər mənfəət gələcəyini açıqlamır.
Layihənin açıqlamasına görə, Türkiyə üzərindən Avropaya daşınması hədəflənən qazın miqdarı ildə 10 milyard kubmetr olması gözlənilir. TAP-ın 20%-i bp, 20 faizi SOCAR, 20 faizi İtaliyanın Snam şirkətinə aiddir, yerdə qalanları 3 başqa şirkət arasında bölünür.
Layihə gələn ildən Azərbaycan büdcəsinə gəlir gətirə biləcəkmi? İbrahim Əhmədov qeyd edib ki, bu barədə hələ ki, SOCAR açıqlama vermir, amma layihənin hədəfi həm sərmayəni çıxartmaq, həm də 10 milyardlarla mənfəət əldə etməkdir.
Enerji üzrə təhlilçi Brüs Panniyer isə deyib ki, gələn il Azərbaycanın payına düşən gəlirin bir neçə milyard dollar olacağını gözləyir, amma burda SOCAR-ın qoyduğu investisiyaları da nəzərə almaq lazımdır.
TAP-ın uzunmüddətli perspektivi barədə bir çox təhlilçilər nikbindir. Amma skeptik yanaşmalar da var. "Bloomberg" agentliyi Avropada son iki ildir ki, qışın isti keçdiyini, koronavirus pandemiyasının işgüzarlığı aşağı saldığını, təbii qazın qiymətinin son 10 ildəən aşağı həddə düşdüyünü yazır.
Üstəlik, Rusiyadan asılılığı azaltmaq üçün Avropa başqa imkanlar da yaradır. Məsələn, Norveç qazını Polşaya qədər gətirəcək Baltik kəməri, Avropa sahillərində tikiləcək maye qaz terminalları kimi layihələr var.
ABŞ Dövlət Departamenti katibinin müavini olmuş, həm də regionun enerji siyasəti ilə məşğul olmuş Metyu Brayza deyib ki, TAP üçün problem yaranmayacaq: “TAP -la yola salınan 10 milyard kubmetr qaz artıq satılıb. Amma TANAP -ın bütün gücü ilə işləyə biləcəyi sual altındadır. TANAP böyükdür və hazırda əlyetərli qazdan daha böyük həcm üçün tikilib. Amma TAP investorların sata biləcəyi həcmdə inşa olunub. Mən TAP-ın genişlənəcəyini gözləyirəm. Amma TANAP bir müddət öz potensialından daha aşağı fəaliyyət göstərəcək”.
Hollandiyanın Lieden Universitenin professoru Anar Əhmədovisə bildirib ki, Avropa Birliyi Türkiyə ilə bağlı müəyyən sanksiyaları nəzərdən keçirsə də, bunun ümumilikdə qaz kəmərinə təsir edəcəyini gözləmir.
Çünki bu, Cənub Qaz Dəhlizi Avropa Birliyinin qaza olan ehtiyanın iki faizini ödəsə də, ayrı ayrı ölkələrin bu qaza ehtiyacı böyükdür: “Bu qaz Yunanıstanın qaz ehtiyacının 20 faizini, Bolqarıstanın qaz ehtiyacının üçdə birini, İtaliyanın ehtiyacının 10 faizini ödəyir. İspaniya Türkiyəyə silah satır, Almaniyanın Türkiyəyə münasibəti daha yumşaqdır. Odur ki, Avropanın Türkiyə ilə bağlı mövqeyi birmənalı deyil. Ayrı-ayrı Türkiyə rəsmilərinə sanksiya qoyula bilər, amma bunun qaz layihəsinə təsiri barədəəmin deyiləm”.
Bununla belə, ekspert Brüs Pannier hesab edir ki, növbəti mərhələdə TAP Avropa üçün hələ azı 40 il aktual ola bilər.
Cənub Qaz Dəhlizinin təməli 2014-cü ildə qoyulub, layihənin ümumi dəyəri, təxminən, 40 milyard ABŞ dollardır. (aqreqator)