“Bu gün tarixi gündür. 4 il əvvəl birlikdə təməlini qoyduğumuz TANAP bu gün Avropa sərhədinə çatdı. Bu münasibətlə hamımızı ürəkdən təbrik edirəm. Əminəm ki, TANAP-ın ömrü uzun olacaq, Türkiyə və Azərbaycan xalqlarına, eləcə də digər qonşu xalqlara fayda və tərəqqi verəcək”.
Eləcə də bax: Ərdoğan: “TANAP-la Avropanın enerji təhlükəsizliyinə töhfə verəcəyik”
FED.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün Türkiyənin Ədirnə vilayətinin İpsala qəsəbəsində TANAP layihəsinin Avropa ilə birləşəcək hissəsinin açılış mərasimində çıxışında deyib.
Dövlət başçısı TANAP-ın təməlinin 4 il əvvəl Qars şəhərində qoyulduğunu xatırladıb: “Dörd il əvvəl Qars şəhərində əziz qardaşım, Prezident Rəcəb Tayyib Ərdoğanla birlikdə TANAP-ın təməlini qoyduq. Ancaq TANAP-a gələn yol 2012-ci ildə başlamışdı. Tarixi İstanbul anlaşması nəticəsində TANAP-a yaşıl işıq yandırıldı. Tarixi İstanbul anlaşması Türkiyə və Azərbaycanın birgə siyasi iradəsi nəticəsində mümkün olub. Çünki TANAP-a qədər, bu qərarın qəbul olunmasına qədər Azərbaycan qazının Türkiyəyə və ondan sonra Avropaya nəql edilməsi ətrafında bir neçə il uzun müzakirələr aparılmışdı, lakin heç bir nəticəsi olmamışdı. Belə olan halda, əziz qardaşım Rəcəb Tayyib Ərdoğanla birlikdə qərara gəldik ki, biz özümüzə lazım olan bu böyük layihəni özümüz həyata keçirəcək. Belə də oldu və bu gün bu layihəyə qoşulan BP şirkəti bizim tərəfdaşımızdı. Ancaq əsas texniki və maliyyə yükünü Azərbaycan və Türkiyə öz üzərinə götürüb”.