"Əsrin müqaviləsi" həm siyasi, həm də iqtisadi cəhətdən Azərbaycana böyük fayda verdi. Göstərdi ki, Azərbaycan müstəqil dövlət və etibarlı tərəfdaşdır, burada işləmək, bu ölkəyə sərmayə qoymaq dünyanın aparıcı dövlət və şirkətləri üçün olduqca sərfəlidir. Təsadüfi deyil ki, "Əsrin müqaviləsi"ndən sonra xarici şirkətlərlə daha 34 saziş imzalandı. Bununla yanaşı, “Əsrin müqaviləsi” respublikada neft hasilatının böyük həcmdə artmasına səbəb oldu". "APA-Economics" xəbər verir ki, bunu SOCAR-ın I vitse-prezidenti Xoşbəxt Yusifzadə "Respublika" qəzetinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, neft hasilatı Azərbaycanın tarixində ən aşağı səviyyədən - 1997-ci ildəki 9 mln. tondan 2010-cu ildə 51 milyon tona çatıb, başqa sözlə, 5,6 dəfə artıb: "İşlənmənin əvvəlindən bu il yanvarın 1-dək "Azəri", "Çıraq" yataqlarından və "Günəşli" yatağının dərinsulu hissəsindən 416,5 mln. ton neft və 128,2 mlrd. kubmetr qaz hasil edilib. Hazırda həmin yataqlardan ayda 2,6 mln. ton neft və 1 mlrd. kubmetrdən çox qaz hasil olunur. Artıq 18-ci ildir ki, "Azəri-Çıraq-Günəşli" layihəsinin iştirakçıları "mənfəət nefti"ndən gəlir əldə edirlər. 2017-ci il yanvar ayının 1-dək dünya bazarlarında Azərbaycanın payına düşən 231,8 mln. ton "mənfəət nefti" satılıb. Mənfəət neftinin həcmi ilbəil artır. 2016-cı ildə dünya bazarlarında satılmış 32,7 mln. ton neftin 19,3 mln. tonu, yəni 59%-i Azərbaycanın payına düşən mənfəət nefti olub. Məlum olduğu kimi, əvvəllər hasil edilən neft dünya bazarlarına Bakı-Novorossiysk və Bakı-Supsa boru kəmərləri vasitəsilə nəql olunurdu. Lakin "Əsrin müqaviləsi"nin həyata keçirilməsinin müsbət cəhətlərindən biri də o oldu ki, Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri tikilib işə salındı. Bu əsas ixrac boru kəməri Azərbaycan neftinin Avropa və dünya bazarlarına daha böyük həcmdə nəql edilməsinə imkan verdi. 2017-ci il yanvar ayının 1-dək dünya bazarlarına 435,4 mln. ton Azərbaycan nefti çıxarılıb ki, bunun da 321,7 mln. tonu Bakı-Tbilisi-Ceyhan kəməri ilə nəql edilib. "Əsrin müqaviləsi" Azərbaycanı dünyaya yenidən neft ölkəsi kimi tanıtdısa, 1999-cu ilin iyununda ehtiyatları bu günə 1,2 trilyon kubmetr qazdan və 240 milyon ton kondensatdan ibarət olan nəhəng "Şahdəniz" yatağının kəşf edilməsi və "Şahdəniz" qaz layihəsinin müvəffəqiyyətlə həyata keçirilməsi Azərbaycanı dünyaya böyük miqdarda qaz ixrac edən bir ölkə kimi tanıtdırdı".