Bu ilin noyabr ayında Azərbaycanda gündəlik neft (kondensatla birlikdə) hasilatı 708,4 min barrel olub. Bunun 588,9 min barelini xam neft, 119,5 min barelini isə kondensat təşkil edib.
Bu barədə FED.az-a Energetika Nazirliyindən məlumat verilib.
OPEC+ ölkələri nazirlərinin 21-ci iclasında qəbul edilmiş razılaşma çərçivəsində Azərbaycanda gündəlik xam neft hasilatının noyabrda daha 7 min barrel artırılaraq 647 min barelə çatdırılması, ixtisarla bağlı öhdəliyin isə 71 min barel həcmində olması nəzərdə tutulurdu.
Nazirlərin 22-ci iclasında qəbul edilmiş razılaşma çərçivəsində isə Azərbaycanın hasilatın azaldılması ilə bağlı öhdəliyi dekabrda gündəlik 64 min barrel təşkil edir. Bu isə ölkəmizdə xam neftin ötən ayla müqayisədə dekabrda gündəlik olaraq 7 min barel çox, yəni 654 min barel istehsalına imkan yaradır.