2022-ci ilin yanvar-sentyabr aylarında “Azeri Light” markalı neftin CIF tədarükü şərtləri ilə bir barelinin orta qiyməti $107,22 təşkil edib.
Eləcə də bax: Azərbaycan qazı hansı ölkəyə neçəyə satılır? – QİYMƏTLƏR, ÖLKƏLƏR
FED.az xəbər verir ki, bu barədə SOCAR şirkətindən məlumat verilib.
“2022-ci ilin yanvar-sentyabr aylarında “Azeri Light” markalı neftin CIF tədarükü şərtləri ilə bir barelinin orta qiyməti $107,22 təşkil edib. Bu, ötən ilin analoji dövrünün göstəricisindən $38,95 və ya 57,1% çoxdur”, - şirkətdən bildiriblər.
SOCAR-ın məlumatına görə, cari ilin əvvəlindən Azərbaycan neftinin ən yüksək qiyməti martın 8-də - $135,99, ən aşağı qiyməti yanvarın 4-də - $82,49 qeydə alınıb.
Xəbər verildiyi kimi, 2022-ci ilin birinci rübünün yekunları üzrə “Azeri Light” markalı neftin CIF tədarükü şərtləri ilə bir barelinin orta qiyməti $102,68, birinci yarımilliyin yekunları üzrə -$109,95 olub.
Milli Məclisin “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanunda qəbul etdiyi dəyişikliklərə əsasən, ixracdan dövlət gərlirlərinin hesablanması zamanı neftin orta qiyməti bir barel üçün $70 götürülüb. ÜDM-in hesablanması zaman istifadə olunan neftin ixrac qiyməti bir barel üçün $85 təşkil edəcək.
Xəbər verildiyi kimi, 2021-ci ildə “Azeri Light” markalı neftin CİF tədarükü şərtləri ilə bir barelinin orta qiyməti $71,6 (2020-ci ildə $43,7) təşkil edib.
Azərbaycan neftinin bir barelinin ən ucuz qiyməti 2020-ci il aprelin 21-də $15,81 səviyyəsində, ən yüksək qiyməti isə 2008-ci ilin iyulunda $149,66 səviyyəsində qeydə alınıb.
“Azeri Light” markalı neft “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə SOCAR-ın payı 25% təşkil edir. Mənfəət nefti layihənin səhmdarları arasında müqavilədə iştirak payından asılı olaraq bölüşdürülür.
Azərbaycanda hasil edilən neftin 2/3 hissəsi AÇG-nin payına düşür. (İnterfaks-Azərbaycan)