“Azeri Light” markalı neftin bir barelinin qiyməti $1,59 - $85,15-dək bahalaşıb.
Eləcə də bax: Neft və qazın bahalaşması Azərbaycanın gəlirlərinə necə təsir edəcək? - AÇIQLAMA
FED.az xəbər verir ki, bu barədə neft bazarındakı mənbə məlumat verib.
““Azeri LT CIF” markalı neftin bir barelinin qiyməti $1,59 və ya 1,9% bahalaşaraq $85,15 təşkil edib”, - deyə mənbə bildirib.
“Azeri Light” markalı neftin bir barelinin qiyməti sonuncu dəfə 2018-ci il sentyabrın sonunda $84-ü ötüb.
Digər neft növlərinin qiyməti dəyişdikdə, Azərbaycanın yüngül neftinin də qiyməti dəyişir. “Azeri Light” nefti yüngül və aşağı kükürdlü növə aid olduğu üçün onun bir bareli “Brent” markalı neftə nisbətən premiya ilə satılır və qiyməti daha bahadır.
Ötən gün “Brent” markalı neftin bir bareli $82,56 olub.
Azərbaycanın 2021-ci il dövlət büdcəsində bir barel neftin orta qiyməti 40 ABŞ dollarına bərabər götürülüb.
Azərbaycan neftinin bir barelinin ən ucuz qiyməti 2020-ci il aprelin 21-də $15,81 səviyyəsində, ən yüksək qiyməti isə 2008-ci ilin iyulunda $149,66 səviyyəsində qeydə alınıb.
“Azeri Light” markalı neft “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə SOCAR-ın payı 25% təşkil edir. Mənfəət nefti layihənin səhmdarları arasında müqavilədə iştirak payından asılı olaraq bölüşdürülür.
Azərbaycanda hasil edilən neftin 2/3 hissəsi AÇG-nin payına düşür. (İnterfaks)