2022-ci ilin I yarısında Azərbaycan gömrük bəyannamələrinə əsasən 11 milyard 364 milyon 844,71 min kubmetr qaz ixrac edib ki, bu da 2021-ci ilin müvafiq dövrünün göstəricisindən 9,5% çoxdur.
Eləcə də bax: Nazir: "AÇG və “Şahdəniz” Azərbaycana 163 mlrd dollardan çox gəlir gətirib"
FED.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
Hesabat dövründə Azərbaycandan ixracın ümumi həcminin 40,26%-i (2021-ci ilin yanvar-iyun aylarında 18%-i) qaz ixracının payına düşüb.
Azərbaycan qazının ixrac dəyəri $7 milyard 440 milyon 434,54 min (artım 4,7 dəfə) təşkil edib.
DGK Azərbaycan qazının ixrac olunduğu ölkələrin sıralamasını dərc etmir.
2021-ci ildə Azərbaycan 22 milyard kubmetr qaz ixrac edib. Avropaya qaz ixracının həcmi 8,2 milyard kubmetr təşkil edib. 2022-ci ildə ixracın 24 milyard kubmetr, o cümlədən Avropaya ixracın 10 milyard kubmetrdən çox olacağı proqnozlaşdırılır.
Azərbaycan qazının TAP kəməri ilə İtaliya, Yunanıstan və Bolqarıstana tədarükü 2020-ci il dekabrın 31-dən başlayıb.
Bundan başqa, Azərbaycan qazı Türkiyə (TANAP və Cənubi Qafqaz boru kəməri (CQBK) ilə) və Gürcüstana (CQBK və Qazıməmməd-Qazax qaz kəməri ilə) da ixrac edilir. (İnterfaks)