Dünya bazarında baş verən proseslər neftin qiymətinin nə qədər qeyri-sabit olduğunu, indiyədək formalaşan qiymətlərin hər an kəskin dəyişə biləcəyini göstərir.
Ötən gün prezident Trampın Səudiyyəyə qarşı sanksiya verməyəcəyi barədə bəyanatından sonra neft qiymətlərinlə görünməmiş enmə yaşanıb. Qiymətlər 7,3% azalıb, yanvar fyuçersləri üzrə Brent neftinin qiyməti 61,92 dollara, WTI nefti isə 7,53% azalaraq 52,89 dollara düşüb. Bu son bir ildə neftin ən aşağı qiymətidir.
Son iki həftə ərzində neft artıq ikinci dəfədir ki, gün ərzində 7%-ə yaxın ucuzlaşır.
Treyderlər 2014-cü ilin ssenarisinin təkrarlanacağından narahatdırlar – həmin vaxt noyabr-dekabr aylarında neftin qiyməti 33% azalmışdı.
Yeri gəlmişkən, təkcə bu ilin oktyabrı ilə müqayisə edəndə «Brent» nefti 28%, WTI isə 30% ucuzlaşıb.
Dünya bazarında neftin belə kəskin ucuzlaşması Azərbaycana da mənfi təsir edəcək. Üstəlik bu təsir özünü bu il deyil, gələn ilin büdcəsində daha kəskin göstərə bilər.
Belə ki, hazırda parlamentdə müzakirə edilən 2019-cu ilin dövlət büdcəsində neftin qiyməti 60 dollardan götürülüb. Büdcənin gəlirləri də neftin bu qiyməti əsas götürülərək hesablanıb.
Amma dünya neft bazarındakı proseslərə uyğun olaraq Azərbaycan nefti də ucuzlaşmaqdadır və artıq 63 dollara düşüb.
Bu qiymət büdcədəki həddən yüksək olsa da, bütün proseslər ona işarə edir ki, ucuzlaşma davam edə bilər və Azərbaycan neftinin real bazar qiymətinin büdcədəki həddən aşağı düşməsi tamamilə realdır.
Gözlənildiyi kimi, deputatlar büdcə layihəsini 1-ci oxunuşdan ciddi dəyişikliklər oldada təsdiqləyiblər.
Amma dünya bazarında vəziyyətin dəyişməsi büdcəyə də yenidən baxılması zərurəti yarada bilər.