Azərbaycan və Ermənistan neft məhsullarının ixracını müzakirə ediblər.
FED.az xəbər verir ki, bunu Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev dekabrın 6-da Doha Forumunda çıxışı zamanı deyib. Hikmət Hacıyevlə eyni paneldə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan da iştirak edib.
Hikmət Hacıyev Azərbaycan üçün Ermənistanla müharibənin bitdiyini deyib. O, neft və neft məhsullarının ixracı məsələsinin Ermənistan baş nazirinin müavini Mqer Qriqoryanın keçən həftə Qəbələyə səfəri zamanı müzakirə edildiyini bildirib:
“Bir müddət əvvəl Ermənistan baş nazirinin müavini Azərbaycanın Qəbələ rayonuna səfər etdi. Bu, misilsiz hadisə idi. Ermənistan baş nazirinin müavini Azərbaycana rəsmi səfəri zamanı sərhədlərin delimitasiya prosesi müzakirə edildi. Bununla bərabər iki ölkə arasında bəzi qarşılıqlı ticarət məsələləri müzakirə edildi. Bu istiqamətlərdən biri indi bizim müzakirə etdiyimiz neft və neft məhsullarının Azərbaycandan Ermənistana ixracı məsələsidir. Bu da həmçinin misilsiz hadisədir”.
H.Haciyev bir müddət əvvəl Azərbaycan ərazisindən Ermənistana buğda ixracına izn verilməsinin regionda sülh üçün vacib töhfə olduğunu bildirib. H.Hacıyev Ermənistanla sülhün əldə olunmasında ABŞ Prezidenti Donald Trampın rolunun fundamental olduğunu deyib.
Ermənistan Təhlükəsizlik Şurasının rəhbəri Armen Qriqoryan isə Ermənistanın TRİPP marşrutunun açılmasından yeni imkanlar gözlədiyini bildirib.
Xatirladaq ki, Ermənistan baş nazirinin müavini Mqer Qriqoryan noyabrın 28-də Qəbələyə səfər edib. Səfərdə məqsəd delimitasiya komissiyasının 12-ci iclasında iştirak etmək olub.










