Energetika Nazirliyi avqustda Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” və Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkətləri ilə külək və günəş enerjisi üzrə pilot layihələri çərçivəsində “Enerji alqı-satqı Müqaviləsi” və “İnvestisiya Müqaviləsi” imzalamağı planlaşdırır.
Eləcə də bax: Azərbaycanlı alimlərin günəş enerjisindən istifadə sahəsində yeni ixtirasına - PATENT VERİLİB
FED.az xəbər verir ki, bu barədə Energetika Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
““ACWA Power” və “Masdar” şirkətləri ilə 240 MVt gücündə külək və 200 MVt gücündə günəş enerjisi üzrə pilot layihələrin icrası istiqamətində torpaqla bağlı məsələlər həll edilib, külək-ölçü müşahidə stansiyaları quraşdırılıb. Gələn ay bu şirkətlərlə “Enerji alqı-satqı Müqaviləsi”, “İnvestisiya Müqaviləsi”, “Ötürücü Şəbəkəyə Qoşulma Müqaviləsi” və “Torpaq İcarə Müqaviləsi” sənədlərinin imzalanması planlaşdırılır”, - deyə məlumatda bildirilir.
İnvestorlara veriləcək maliyyə və qeyri-maliyyə öhdəlikləri üzrə dövlət zəmanətləri müəyyənləşdirilib, layihələrin iqtisadi, ekoloji və sosial qiymətləndirilməsi aparılıb.
“Şəbəkənin gücləndirilməsi və layihələrin şəbəkəyə inteqrasiyası ilə bağlı enerjisistemin idarə olunması, elektrik enerjisinin ötürülməsi, rele-mühafizə və avtomatika üzrə tədbirləri əhatə edən müvafiq texniki şərt layihələri və qoşulma sxemləri hazırlanıb, eyni zamanda, ən optimal variantın seçilməsi üzrə tədbirlər davam etdirilir”, - deyə məlumatda qeyd olunur.
Qoyuluş gücündə bərpa olunan enerji mənbələrinin payının 2030-cu ilədək 30%-ə çatdırılması məqsədilə elektrik şəbəkəsinə qoşulacaq əlavə güclərin dövrlər üzrə optimal həddinin müəyyən edilməsi tədbiri üzrə məsləhətçi şirkət cəlb etməklə müvafiq təkliflərin hazırlanmasına başlanılıb.
“Energetika Nazirliyi bərpa olunan enerji mənbələrindən istifadə ilə bağlı təkliflər təqdim etmiş şirkətlərlə əməkdaşlığın davam etdirilməsinin vacibliyini qeyd edir”, - deyə məlumatda bildirilir.
2020-ci il yanvarın 9-da Energetika Nazirliyi ilə Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” və Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkətləri arasında bərpaolunan enerji üzrə pilot layihələrin reallaşdırılmasına dair İcra müqavilələri imzalanıb. Müqavilələrə əsasən, “ACWA Power” şirkəti ilə 240 meqavat gücündə külək, “Masdar” şirkəti ilə isə 200 meqavatlıq günəş elektrik stansiyalarının tikintisi ilə bağlı pilot layihələr icra ediləcək. Külək və günəş enerjisi layihələri üzrə illik 1,4 milyard kilovat/saat elektrik enerjisinin istehsalı proqnozlaşdırılır.
Hər iki layihə build - own - operate (tik – sahib ol – idarə et) prinsipi əsasında həyata keçiriləcək.
“Masdar” şirkətinin inşa edəcəyi günəş elektrik stansiyası Bakıdan 75 km cənub-qərbdə yerləşəcək və 2022-ci ilədək kommersiya istismarına veriləcək.
Daha əvvəl energetika nazirinin müavini Elnur Soltanov bildirmişdi ki, "ACWA Power” və “Masdar” şirkətləri tərəfindən layihələrin reallaşdırılması iki ilə yaxın vaxt aparacaq.
Bu stansiyaların hər biri mərhələli şəkildə istismara veriləcək və ümumi enerji sisteminə inteqrasiya olunacaq. Layihələrin reallaşdırılmasına ümumi sərmayə qoyuluşu təxminən $400 milyon məbləğində qiymətləndirilir.
Bu iki layihənin reallaşdırılması Azərbaycana illik 300 milyon kubmetr qaza qənaət etməyə imkan verəcək ki, bu da ölkə əhalisi tərəfindən il ərzində istehlak olunan qazın ümumi həcminin 10%-ni təşkil edir.
Azərbaycanda bərpa olunan enerji mənbələri üzrə elektrik stansiyalarının gücü 1276 MVt-dır ki, bu da ümumi gücün 17%-ni təşkil edir. 2019-cu ilin yekunları üzrə iri su elektrik stansiyaları nəzərə alınmaqla elektrik enerjisi istehsalının faktiki həcmi cəmi 7,9% olub.