Ötən il qlobal miqyasda 12 %-lik artımla Azərbaycan elektrik enerjisinə tələbatın ən sürətlə artdığı 2-ci ölkə olub.
FED.az xəbər verir ki, bu barədə iqlim və enerji sektorunda fəaliyyət göstərən “Ember” konsaltinq şirkətinin hesabatında bildirilib.
Sənədə əsasən, 2021-ci ildə elektrik enerjisinə tələbatın ən sürətlə artdığı ölkə Çin (13 %) olub. Onu Azərbaycan (12 %), Qazaxıstan (10 %) və Türkiyə (9 %) izləyib.
Araşdırmaya görə, digər bərpa olunan enerji mənbələri nəzərə alındıqda, 2021-ci ildə dünyada elektrik enerjisi istehsalının 38 %-i “yaşıl enerji” mənbələri hesabına həyata keçirilib. Digər tərəfdən, kömür istifadəsində pandemiyadan sonrakı iqtisadi canlanma dövründə 1985-ci ildən bəri ən sürətli artım yaşanıb. 2015-ci ildə Paris İqlim Sazişi imzalanandan bəri küləyin və günəşin payı elektrik enerjisi istehsalında iki dəfə artıb.
Külək və günəş enerjisinə ən sürətli keçid Hollandiya, Avstraliya və Vyetnamda baş verib. Hər 3 ölkə son iki ildə elektrik enerjisi tələbinin 10 %-ni fosil yanacaqdan “yaşıl mənbələr”ə keçirib.
Tədqiqatçılar bildirirlər ki, 2021-ci ildə kömürə tələbatın yenidən artmasına baxmayaraq, ABŞ, Böyük Britaniya, Almaniya və Kanada kimi böyük iqtisadiyyatlar yaxın 15 il ərzində şəbəkələrini 100 % elektrikləşdirməyi hədəfləyir. Bu dəyişiklik, qlobal istiləşməni 1,5 dərəcə Selsi şkalası ilə məhdudlaşdırmaq üçün ölkələrin iqlim öhdəlikləri ilə bağlıdır. Alimlər buna nail olmaq üçün külək və günəş enerjisindən istifadənin 2030-cu ilə qədər hər il təxminən 20 % artması hesabına mümkün olduğunu qeyd edirlər. (Report)