Azərbaycanın energetika naziri Natiq Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Burkina Fasoda rəsmi səfərdə olub.
“Azərbaycan öz şirkətləri ilə Burkina-Faso şirkətləri arasında əməkdaşlıq əlaqələri qurmaq istəyir”.
Energetika nazirliyindən Fed.az-a verilən məlumata görə, bunu Azərbaycan nümayəndə heyətinin rəhbəri, Energetika naziri Natiq Əliyev bildirib.
Azərbaycanlı nazir bu sözləri Burkina-Fasonun dövlətinin başçısı Roç Mark Kristian Kabore ilə görüşdə deyib.
“Biz azərbaycanlılar çətin yol keçmişik və bu gün biz dünya tərəfindən tanınan qənaətbəxş iqtisadi inkişaf səviyyəsinə nail olmuşuq. Çox qısa vaxt ərzində biz ölkəmizdə əhalinin həyat səviyyəsini yaxşılaşdırmış, ölkəmizdə yaşayış səviyyəsini dünya standartları səviyyəsinə yüksəltmişik.
Burkina-Faso prezidenti ilə görüşdə bu mövzular ətrafında fikir mübadiləsi apardıq. Mən ona dedim ki, bütün bunlar yaxşı idarəçilik və əzmkarlıq sayəsində mümkün olub. Xarici investorların ölkəyə cəlb edilməsi və onların yatırdığı kapital milli iqtisadiyyatın müxtəlif sektorlarının inkişaf etdirilməsinə imkan verib”, - deyə energetika naziri N.Əliyev bildirib.
Burkina-Faso prezidentilə görüşən nümayəndələri ən çox maraqlandıran sahə əlbəttə ki, enerji sektorudur. “Biz hamımız razıyıq ki, elektrik enerjisi inkişafın təməl daşıdır”, - deyə o, qeyd edib:
“Bu gün enerjisiz heç bir iqtisadi və sosial inkişaf mümkün deyil. Məhz buna görə də biz öz xidmətlərimizi təklif edirik. Çünki bu sahədə böyük təcrübəmiz var. Biz gələcəkdə Burkina-Faso və Azərbaycan şirkətlərinin investisiyaları sayəsində bu sahədə irəliləyişə nail olacağıq”.
Azərbaycanlı nazir qeyd edib ki, bu əməkdaşlıq əsasən dövlət şirkətlərinə aiddir. O əmindir ki, Burkina-Faso prezidentinə təklif etdiyi çoxsaylı layihələr bu ölkənin müxtəlif regionlarının inkişafına şərait yaradacaq və yeni resursların, xüsusilə neft məhsullarının ölkəyə axınına imkan verəcək.