Azərbaycandan bu ilin yanvar-avqust aylarında Yunanıstana 232 min 396 ton neft ixrac edilib.
FED.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, Yunanıstana ixrac edilmiş neftin dəyəri isə 129 milyon dollar olub.
Son bir il ərzində ixracın həcmində 4,2 min ton (1,8%) artım, dəyərində isə 15,8 milyon dollar (10,9%) azalma baş verib.
Qeyd edək ki, 2024-cü ilin yanvar-avqust ayında isə Azərbaycan Yunanıstana 144,8 milyon dollar dəyərində 228 min 237 ton neft ixrac etmişdi.
Bu ilin yanvar-avqust aylarının nəticələrinə görə Yunanıstana ixrac edilmiş neftin orta hesabla 1 tonunun dəyəri 944 manat (1 barrel 129 manat) olub ki, bu da 2024-cü ilin müvafiq göstəricisinə görə 135 manat (12,5%) azdır. Ötən ilin müvafiq dövründə bu göstərici 1079 manata(1 barrel 148 manat) bərabər olub.
Xam neftin ixrac olunduğu ölkələrin siyahısında Yunanıstan 2025-ci ildə 9-cu, 2024-cü ildə isə 14-cü yerdə olub.