Yunanıstanın Komotini bölgəsində Azərbaycan təbii qazını Bolqarıstana nəql edəcək Yunanıstan-Bolqarıstan İnterkonnektorunun (IGB) açılış mərasimi keçirilib.
Eləcə də bax: Bolqarıstan Azərbaycan qazını tam həcmdə qəbul etməyə - BAŞLAYIB
FED.az xəbər verir ki, bu kəmər Azərbaycan qazının Bolqarıstana nəqlinə və satışına imkan verir. Tədbirdə Azərbaycanın energetika naziri Pərviz Şahbazov da iştirak edib və Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis, Bolqarıstanın Baş naziri Kiril Petkovla yanaşı Azərbaycanın energetika naziri də çıxış edib.
Energetika naziri çıxışında IGB-nin reallaşmasını TAP-ın inkişafında mühüm bir mərhələnin başlanğıcı olduğunu bildirib.
Nazir deyib ki, Yunanıstan-Bolqarıstan İnterkonnektorunun (IGB) açılışı Bolqarıstanın, ümumən Cənub-Şərqi Avropanın şaxələndirilmiş enerji təchizatında, istehlakçıların sərfəli və təmiz enerjiyə çıxışında strateji əhəmiyyətli hadisədir.
“Azərbaycan Bolqarıstan, Yunanıstan da daxil olmaqla Avropa ölkələri üçün şaxələndirilmiş qaz təchizatının sabit və strateji mənbəyi, həm də etibarlı tərəfdaşdır. Bir ildən artıq müddətdə Avropaya 13,5 milyard kubmetr qaz tədarük olunub. Bunun 1,4 milyard kubmetri Yunanıstanın, 440 milyon kubmetri isə Bolqarıstanın payına düşüb. Bolqarıstana ilk 6 ayda 160 milyon kubmetr olan qaz ixracının ilin sonuna 600 milyon kubmetrə çatacağı planlaşdırılır. İyulun 1-dən Bolqarıstana tam həcmdə, gündəlik 2,6 milyon kubmetr qaz ixrac edilir ki, bu da gündəlik tədarükdə 1,7 milyon kubmetr artım deməkdir”.
Nazir bildirib ki, Cənub Qaz Dəhlizinin, onun yeni qolu İGB-nin ərsəyə gəlməsi, Azərbaycan qazının ən çox ehtiyac olan vaxtda Avropaya tədarükünün mümkün olması ölkələrimiz arasında yüksək səviyyəli əməkdaşlığın, həmrəyliyin, qarşılıqlı etimad və dəstəyin nəticələridir: “Tarixi İstanbul Sazişi imzalanmasaydı, Cənub Qaz Dəhlizi gerçəkləşməyəcəkdi. 2015-ci ildən etibarən Cənub Qaz Dəhlizi üzrə Məşvərət Şurası formatında ölkələrimiz arasında mütəmadi sıx təmaslar, yüksək əlaqələndirmə, məsuliyyətli davranış və məqsədyönlü əməkdaşlıq olmasaydı, biz ardıcıl nailiyyətlərə imza ata bilməzdik. Cənub Qaz Dəhlizi Aİ-Azərbaycan enerji tərəfdaşlığının indiyədək əldə etdiyi ən böyük nailiyyətdir və biz bu uğur hekayəsini davam etdirmək niyyətindəyik.”
IGB-nin qarşıdakı illərdə Cənub Qaz Dəhlizinin genişləndirilməsi istiqamətində yeni layihələrin müjdəsi olduğu qeyd edilib.
Xatırladaq ki, 2013-cü ilin sentyabrında “Bulgargaz EAD” “Şahdəniz-2” çərçivəsində ildə 1 milyard kubmetr qazın alınması ilə bağlı 25 illik saziş imzalayıb. 2019-cu ilin mayında isə Bolqarıstanın Kirkovo bölgəsində Yunanıstan-Bolqarıstan İnterkonnektorunun (IGB) təməlqoyma mərasimi keçirilib.