2020-ci ilin aprel ayında Azərbaycan üzrə gündəlik neft hasilatı 771,4 min barel olub. Bunun 679,8 min barelini xam neft, 91,6 min barelini kondensat təşkil edib.
Eləcə də bax: Bu il “Azəri-Çıraq-Günəşli”dən 6,4 milyon tondan çox - NEFT HASİL EDİLİB
FED.az Energetika Nazirliyinə istinadən xəbər verir ki, gündəlik 640,3 min barel xam neft, 86 min barel kondensat, 23,6 min barel neft məhsulları ixrac edilib.
Mart ayı üzrə Azərbaycanda gündəlik neft hasilatı 763,9 min barel olub. Bunun 683,7 min barelini xam neft, 80,2 min barelini kondensat təşkil edib. Gündəlik 418,9 min barel xam neft, 76,2 min barel kondensat, 15,5 min barel neft məhsulları ixrac edilib.
Qeyd edək ki, “OPEC plus” formatında təmsil olunan OPEC və qeyri-OPEC ölkələri, o cümlədən Azərbaycan aprel ayında hasilatın məhdudlaşdırılması öhdəliklərindən azad olub.
“OPEC plus” ölkələri nazirlərinin 2020-ci ilin 9 aprel və 12 aprel tarixlərində keçirilən görüşlərinin nəticəsi olaraq qəbul edilmiş və gündəlik xam neft hasilatının may-iyunda 9,7 mln. barel, iyul-dekabrda 7,7 mln. barel, 2021-ci ilin yanvar-2022-ci ilin aprelində isə 5,8 mln. barel azaldılmasını nəzərdə tutan “Əməkdaşlıq Bəyannaməsi”nə Azərbaycan da qoşulub.
2018-ci ilin oktyabr ayında gündəlik xam neft hasilatı 718 min barel olan Azərbaycan yeni razılaşma çərçivəsində hasilatı may-iyun aylarında həmin səviyyədən 164 min barel azaltmalıdır. Bu müddət ərzində Azərbaycan gündəlik xam neft hasilatını 554 min barel həcmində saxlamalıdır.
Azərbaycanın öhdəlikləri iyul - dekabr aylarında 131 min barel, 2021-ci il və 2022-ci ilin aprel ayı ərzində isə 98 min barel müəyyənləşib. Kvotalara müvafiq olaraq ölkəmizdə gündəlik xam neft hasilatının həcmi iyulun 1-dən ilin sonunadək 587 min bareli, 2021-ci ilin yanvar-2022-ci ilin aprelində isə 620 min bareli keçməməlidir.
Mayın 1-dən etibarən “Azəri-Çıraq-Dərinsulu Günəşli” yataqlarında, “Azneft” İB, Birgə Müəssisələr və Əməliyyat Şirkətləri üzrə gündəlik hasilatın azaldılması prosesi həyata keçirilir.