ABŞ Dövlət Departamentinin Enerji Ehtiyatları Bürosunun Enerji Diplomatiyası ofisinin direktoru Uilyam Silkvort regional səfəri çərçivəsində Energetika Nazirliyində olub.
Nazirlikdən Fed.az-a verilən məlumata görə, ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Robert Sekutanın da iştirak etdiyi görüşdə dünya enerji bazarındakı son vəziyyət, eləcə də regionda həyata keçirilən enerji layihələri ətrafında fikir mübadiləsi aparılıb. Amerika nümayəndə heyəti OPEC-in növbəti görüşü ərəfəsində Azərbaycanın mövqeyi ilə maraqlanıb.
Energetika naziri Natiq Əliyev Azərbaycanın dünya neft bazarında qiymətin sabitləşdirilməsi prosesinə qoşularaq, neft bazarının tənzimlənməsi və neftin qiymətinin qalxması üçün neft hasilatını və ixracını artırmayacağı ilə bağlı mövqeyini xatırladıb. Bildirib ki, rəsmi Bakı digər neft ölkələrini də oxşar addımlar atmağa çağırmaqla yanaşı, OPEC tərəfindən aparılan məslətləşmələrə dəstəyini ifadə edib. N.Əliyev Azərbaycanın Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv olan və kartelə daxil olmayan neft hasil edən ölkələrin dekabrın 10-da Vyanada keçiriləcək növbəti görüşünü mühüm hesab edərək iştiraka qərar verdiyini deyib. OPEC tədbirlərinin nəticələrinə dair fikirlərini bölüşüb:
“Bu görüş qeyri-OPEC ölkələrində vəziyyətin öyrənilməsi baxımından əhəmiyyətli olacaq. Hesab edirəm ki, davamlı sabitlik və neftin qiymət artımının uzunmüddətli olması üçün nəinki OPEC və qeyri-OPEC ölkələri, həm kartel daxilində, həm də təşkilata üzv olmayan dövlətlər arasında ümumi anlaşma və həmrəylik olmalıdır. Bütün tərəflərin maraqları uzlaşacağı təqdirdə neftin qiymətinin tənzimlənməsi istiqamətində prosesi irəli aparmaq və razılaşmanın uzunmüddətliyini təmin etməklə hər kəs üçün sərfəli qiymətin müəyyənləşməsinə nail olmaq mümkündür”.
Bundan başqa, görüşdə DESFA-nın özəlləşdirilməsi layihəsinə xitam verilməsi və İtaliyada referendumun Azərbaycan yataqlarından çıxarılan təbii qazı İtaliyaya nəql edəcək Trans-Adriatik (TAP) qaz kəməri layihəsinin icrasına mümkün təsirləri ilə bağlı müzakirələr aparılıb.
“Cənub Qaz Dəhlizi”nin seqmentləri –“Şahdəniz-2“, Cənub Qafqaz Boru Kəmərinin Genişləndirilməsi, TANAP layihələri üzrə işlərin icra vəziyyətinin qənaətbəxş olduğunu qeyd edən Natiq Əliyev TAP-la əlaqədar müəyyən siyasi çətinliklərin ortaya çıxmaması üçün Məşvərət Şurasının 3-cü iclasında ABŞ-ın yüksək səviyyədə təmsil olunaraq, siyasi dəstək nümayiş etdirməsinin vacibliyini vurğulayıb.
Görüşdə həmçinin “Transxəzər” qaz kəməri layihəsi ilə bağlı danışıqlar prosesinin gedişi və enerji təhlükəsizliyi məsələsində Azərbaycan-Amerika əməkdaşlığının perspektivləri də müzakirə olunub.